HƏSƏD (roman) 86

Nahar fasiləsi başlasa da Arzu yeməkxanaya getməyə tələsmirdi.Şöbədə əyləşib həftəlik hesabatı gözdən keçirirdi.
Katibənin səsi onu işdən ayırdı:
-Arzu xanım,mümkünsə Çingiz müəllimin kabinetinə gəlin.
Əvvəlcə bir şey anlamayan qız bir anlığa Çingizin ona “nahar fasiləsində sənə sürprizim olacaq”sözlərini xatırladı.Gülümsəyib:
-Yaxşı,indi gəlirəm,-dedi.
Güzgüdə tələsik özünə baxıb,saçlarına əl gəzdirdi.Çox yubanmadan şöbənin qapısını bağlayıb pillərlə aşağı endi.
Çingiz də masa arxasında oturub işlə məşğul idi.Arzu qapını sakitcə tıqqıldatdı.Çingizin səsi eşidilincə qapını açıb otağa daxil oldu.
Çingiz mehribanlıqla ona baxıb gülümsədi:
-Həəə…xanım qız…müdirin sözündən çıxmaq heç də yaxşı hal deyil.
-E…,-Arzu özünü itirdi,-söz…hansı söz…mən…
-Səhər danışılan söz.Nə tez unuduldu?
-Səhər…hə…amma..
-Doğrudur,sürpriz etmək istəyən kəs əslində özü şöbəyə qalxmalı idi.Lakin…bəzi səbəblərdən o bunu şəxsi kabinetində icra etməyi qərara aldı…
-A…,-qız duruxdu,-hə…indi yadıma düşdü…
-Elə o səbəbdən də günahınızdan keçmək olar,-deyib Çingiz Arzuya tərəf gəldi,-mənim gözəl Arzum,-məhəbbətlə onun gözlərinə baxdı,-sənin paklığına yalnız qibtə etmək olar.Nə yaxşı ki,tale bizi qarşılaşdırdı,mənim gecikmiş məhəbbətim!Doğum günün mübarək olsun!Sən dünyaya mənim üçün gəlmisən,gəlişin mübarək əzizim!
-Mən…,-qız çaşqınlıqla ona baxdı,-axı…axı doğum günüm bu gün deyil…
-Bilirəm,sabahdır.Mən səni hamıdan əvvəl təbrik etmək qərarına gəldim,özü də fərdi.
Keçib siyirməni açdı,oradan qırmızı bir qutu çıxarıb yenidən Arzuya yaxınlaşdı:
-Bu qutunu aç ,-dedi,-bəyənsən dünyanın xoşbəxti olaram.
Arzu tərəddüdlə ona baxdı.Nə edəcəyini bilmədi.
-Aç…aç…,-Çingiz israr etdi,-qorxma,təhlükəli deyil.
Arzu utana-utana qutunu ondan alıb açdı.Gözlərinə inanmadı.Qutunun içində gözəl bir qol saatı bərq vururdu.
Qız çaşqınlıqla Çingizə baxdı.Ona heç vaxt belə bahalı bir hədiyyə edən olmamışdı.Gözləri doldu,nə deyəcəyini bilmədi.
-Bu,mənim sənə hədiyyəmdir.Düzü,çox düşünüb-daşındım.Müxtəlif hədiyyələri götür-qoy etdim.Sonda…bu saatı seçdim,-deyib Çingiz onun nəmli gözlərindən öpdü,-qoy xoşbəxtliyimiz elə bu andan,bu saatdan başlasın.Qızıl saat isə şahidimiz olsun.Səni təbrik edirəm,əzizim.Həyatıma gəlişin mübarək !
Qızın sevincdən buludtək dolduğunu görüb əlavə etdi:
-Sabah isə səni ən gözəl restoranlardan birinə dəvət edəcəyəm.Özü də ailəvi.Zənnimcə hələlik hər iki ailənin nümayəndələri kifayət edər.Hə…nə deyirsən?
-Nə deyəcəm Çingiz…bütün bunların qarşılığında mən nə deyə bilərəm?Sən..sən…
-Yaxşı,anladım,-Çingiz mehribanlıqla onun gözlərinə baxdı,-hədiyyəm də,təklifim də ürəyincədir.Elə isə….
yubanmayaq.Axı biz heç nahar da etməmişik.Saatını qoluna taxaq,gedək nahara,-deyib,-Çingiz saatı qutudan ehmallıca çıxardl və Arzunun biləyinə taxdı.
-Çox sağ ol,Çingiz,-qız astaca dilləndi,-mən..sənə…
-Yaraşdı!,-Çingiz gülümsədi,-çox yaraşdı.Hə gedək nahara.
Arzu sevincindən yerə-göyə sığmırdı.İllərlə arzusunda olduğu qızıl qol saatını ona ən əziz,ən sevimli bir insan sevə-sevə hədiyyə etmişdi.Ailəsindən başqa hamı tərəfindən,hətta özünün də unutduğu doğum günü sevdiyi insanın yaddaşında idi.Sevilirdi,əzizlənirdi.Ürəyi fərəhlə döyünürdü.Sevdiyi insanın qəlbinə hakim kəsilmək nə böyük səadət idi! 
Xoşbəxtliyin əsl dadını o, indi anlayırdı.Sevməyin,sevilməyin əsl mahiyyətini indi dərk edirdi.
Fasilədən sonra şöbəyə qayıdan Arzu qızların qapı ağzında toplaşdığını görüb təəccübləndi.Sonra anladı ki,Çingizin otağına enərkən qapını bağlayıb getmışdı.Üzrxahlıq edib cəld şöbənin qapısını açdı.Qızlarla bərabər otağa daxil olub masa arxasına keçdi.Bayaqdan qərarlaşdırdığı işə başlamağa nə qədər səy göstərsə də,fikri qolundakı saatda,Çingizin yanında idi.Heç vaxt iş gününün bitməsini gözləməyən,evə tələsməyən Arzu indi tezliklə evə,ailəsinə can atırdı.Öz səadətini ailə üzvləri ilə bölüşmək istəyirdi.Anasının,bacısının da sevincini gözlərilə görmək istəyirdi.
Işdən sonra Çingiz onu evlərinə qədər ötürüb yenidən şirkətə qayıtdı.Vidalaşarkən:
-Unutma,-dedi,-sabah işdən azadsan.Hazırlaşın,axşam saat yeddidə gəlib sizi evinizdən götürüb dediyim restorana aparacağam.Sənin ad gününü ən yaddaqalan bir şəkildə qeyd etməliyik.
Arzu bütün bunların qarşılığında nə deyəcəyini bilmir,yalnız onun gözlərinə minnətdarlıqla baxıb susurdu.
Sevil evləri sahmana salıb otağında kitab oxumaqla məşğul idi.
Bacısının qapını açıb sürətlə evə gəlməyinə təəccübləndi.Cəld otağından çıxıb dəhlizə keçdi.
Arzu dəhlizdə ayaqqabılarını soyunub tələsik qonaq otağındakı divana əyləşdi.Gülümsəyərək bacısına baxdı.Qızın qeyri-adi davranışı,gözlərindəki müəmmalı ifadə onu çaşdırdı:
-Arzu…nə olub? Səninləyəm e…nə hadisə baş verib?
-Xoşbəxtəm bacı,çox xoşbəxtəm….çox…,-gözlərini yumdu,-dünyanın xoşbəxtiyəm!
-Nə olub axı?,-qız çaşqınlıqla bacısına baxdı,-aydın danış bir.
-Nə olacaq,-Arzu quş kimi qollarını yana açdı,-uçuram….sevincimdən uçuram bacı,-gözlərini yumdu,-uçub uca bir dağın ən uca zirvəsinə qonuram…
-Hə,romantikadan bolsan maşallah,-Sevil istehza ilə ona baxdı.
-De görüm sabah nə günüdür?,-Arzu sınayıcı nəzərlərlə Sevili süzdü.
-Sabah…sabah..,-qız fikrə getdi,-sabah..nə bilim.Gündür də,adi bir gün…
-Yaxşı fikirləş…düşün…
-Düşündüm…bilmirəm.Tapmaca demə nə olar,de görüm nə məsələdir.
-Hə,-Arzu bir qədər məyus halda bacısına baxdı,-sənin fikrində,xəyalında deyil…amma ona çox yüksək dəyər və məna verən biri var…bax,elə məncə budur xoşbəxtlik.Amma birtərəfli,-Sevilə baxdı,-Gərək doğma bacım da həmin günü yaddaşında yaşadaydı.
-Heç nə anlamıram,-Sevil gözlərini döydü,-nə gündür axı…həəə,-nəyisə xatırlayırmış kimi birdən gülümsədi,bacısının boynunu qucaqladı,-bağışla məni Arzu,-evdə olduğumdan ayın tarixini də unuduram.Sabah sənin ad günündür bacı!,-üzündən öpdü,-sevimli bacım.Sənin şərəfinə məxsusi yeməklər hazırlayacağam.
-Əziyyət çəkmə bacı,-Arzu da onu qucaqladı,-sabah ailəliklə restorana dəvətliyik.
-Necə?
-Çingiz bizi hamılıqla gözəl bir məkana dəvət edir.
-Eləmi?,-Sevilin gözləri təəccübdən böyüdü.
-Hə.Hədiyyəsini də bir gün öncədən təqdim etdi.
-Nə hədiyyə?Baxmaq olarmı?,-Sevili maraq bürüdü.
-Olar.Gözlərini yum.
Sevil cəld gözlərini yumdu.
-Indi isə…aç.
Qız gözlərini açanda heyrətdən donub qaldı.Bacısının qolunda gözəl bir saat bərq vururdu.O qədər yaraşıqlı idi ki,ondan göz çəkmək mümkün deyildi.
-Aman Allah ,-özündən biixtiyar dilləndi,-bu nədir Arzu? Necə gözəldir!
-Hə,çox gözəldir,-qız gülümsədi,-həyatımın ən əziz hədiyyəsidir.
-Çingiz…həqiqətən yaxşı adaxlı imiş.
-Hədiyyəsinə görəmi?,-Arzu güldü,-ay səni bacı.İnsanı dəyərləndirən onun hədiyyəsi deyil,şəxsiyyəti,mənliyi,kimliyidir.Həyatda elə şeylər var ki,onlar heç bir var-dövlətlə,pulla nə satılmır,nə də alınmır,-bacısını qucaqladı,-o mənə adi bir dəmir parçası da hədiyyə etsəydi,kifayət edəcəkdi.
-Hmmm,-dəmir parçası…,-Sevil bacısının qollarını kənara itələdi,-anamla sən çox qəribə insanlarsınız.Dəmirlə qızıla fərq qoymayan adamla nə danışasan!,-üzünü başqa tərəfə çevirdi,-tərs kimi də…qızıl beləsinə nəsib olur…qədirbilənə yox!

ARDI VAR.

Govher Rustamova
www.kafiye.net