HƏSƏD. (roman) 85

Ev-eşiyi səliqəyə saldıqdan sonra hərə öz işi ilə məşğul idi.Evə sakitlik çökmüşdü.Danışılanları hərə öz fikrində götür-qoy edir, obyektiv nəticə çıxarmağa çalışırdı.Xavərin gözlənilməz təklifi hər üçünü ciddi düşünməyə vadar etmişdi.
Qızlar bu gecə həmişəkindən tez yataq otağına keçdilər.Arzu işığı söndürüb çarpayısına uzandı.Aradan xeyli keçməsinə baxmayaraq gözlərinə yuxu getmirdi.Xavər xanımla olan söhbəti ən kiçik xırdalıqlarına qədər dönə-dönə xəyalında canlandırır,ürəyində Zaurla dialoqa girirdi.Bəzi fikirləri ilə razılaşır ,bəzilərinə etiraz edirdi.
Otaq qaranlıq olsa da, bacısının da yatmadığını hiss edirdi.Başını onun çarpayısına tərəf çevirib astadan:
-Sevil,-dedi.
Səs gəlmədi.
-Bilirəm,yatmamısan,-yenidən dilləndi.
-Hardan bilirsən?,-Sevil gülümsədi,-qaranlıqda da görmə qabiliyyətin var?
-Var,-Arzu da gülümsədi,-asta danış,anamızı oyadarsan.
-Ehhh….anamız elə bil ötən əsrdən qalıb.Xeyrinə olan heç nəyi qəbul etmək istəmir.Elə bil kimsə onu göydən əli ilə qəflətən yerə salıb.
-Düz deyirsən,-Arzu pıçıldadı,-anamız göydən yerə enmiş mələkdir.Saf,təmiz…
-Saf,təmiz,-Sevil bacısını yamsıladı,-kimə lazımdır onun saflığı? Hə? Səninləyəm…bir də ki…Xavər xanımın təklifində çirkin nə niyyət var ki?…Vəziyyəti görüb başa düşürlər,kömək etmək istəyirlər.
-Orası elədir,-Arzu təmkinlə cavab verdi,-amma insandan insana fərq var.Anamız o qism insanlardandır ki,başqasının yardımına ehtiyac duymur.Öz qüvvəsi ilə nəyi bacarırsa,ona da qane olur.Bir sözlə,qürurunu heç kimin qarşısında sındırmır.
-Qürur…qürur yaxşıdır…amma bəzən insanı lazım olmayan yerdə elə vurur ki…zərbəsindən uzun müddət ayıla bilmirsən.Bir də ki,mənim fikrimcə insan əlinə düşən fürsəti qaçırmamalıdır.Həyata ayıq gözlə baxmalıdır.Qızıl qanunlardan biri də budur -verirlər, götür.
-Eh Sevil…Sevil…sən düzələn deyilsən.Niyə başa düşmək istəmirsən axı…
-A bala,-Zəhranın səsi gəldi,-hələ yatmamısınız?Başıma xeyir.Gecənin bu aləmi nə olub yenə?
Qızlar susdular.Çox keçmədi ki,hər ikisi yuxuya getdi.
Səhər Çingiz otağında əyləşib sənədləri gözdən keçirirdi.Anasının danışığından belə qənaətə gəlmişdi ki,Arzugili yaxın vaxtlarda evlərindən köçürüb işə başlamaq olar.
Dəstəyi qaldırıb,katibəyə:
-Zəhmət olmasa,şöbədən Arzu xanımı yanıma çağırın,-dedi.
Katibə “baş üstə”deyib,otaqdan çıxdı.
Çox keçmədi ki,Arzu kabinetin qapısında göründü.
-Buyurun,buyurun,Arzu xanım,-dedi,-sənədləri də gətirmisinizmi?
-Bəli,-qız cavab verdi.
-Lap yaxşı.Bu gün vacıb bir məsələ barədə sizinlə məsləhətləşmək istəyirəm.Zəhmət olmasa içəri keçib qapını örtün.
Arzu içəri keçib qapını arxasınca bağladı.Katibə gülümsəyib özünü məşğul kimi göstərməyə çalışdı.
-Hə…Arzu xanım…de görüm işlər necədir,-Çingiz gözlərini əlindəki sənədlərdən çəkmədən dilləndi.
-Işlər…işlər pis deyil.Şöbənin qızları yeni layihəni böyük həvəslə işləyirlər.Hətta…
-Aydındır,-Çingiz bığaltı güldü,-şöbədə hər şey qaydasındadır.Bəs evdə?
-E…evdə…evdə də…pis deyil…hər şey yaxşıdır.
-Çox gözəl,-Çingiz qovluğu kənara qoydu,-demək yaxın vaxtlarda evi boşaldırsınız eləmi?
-E…,-qız özünü itirdi,-anam…mən…
-Çox gözəl!,-Çingiz qətiyyətlə qıza baxdı,-məncə iki-üç gün kifayət edər.Köçəcəyiniz mənzil tam şəraitlidir,özünüzlə artıq heç nə götürməyə ehtiyac yoxdur.Ən vacib olanları götürsəniz kifayətdir.Həftənin sonuna qədər evi tam boşaldın,briqada işə başlasın.
-Briqada…eee…,-Çingizin ciddi baxışları qızı çaşdırdı,-bilirsiz…bilirsən…
-Bilirəm,-Çingiz mehribanlıqla ona baxdı,-hər şeyi bilirəm.
-Mən…mən də bir qədər pul toplamışam.Evin təmiri həmişə diqqət mərkəzimdə olub…
-Çox gözəl,-Çingiz özünü gülməkdən zorla saxladı,-biz işə başlarıq…harda maddi cəhətdən problem yaransa..mütləq sənin büdcənə müraciət edərik.
-Istehza nəyə lazımdır Çingiz…müəllim…
-Nə istehza?-Çingiz yenidən ciddi görkəm aldı,-tam ciddi deyirəm.İş çoxdur,güclü maddi vəsait lazım olacaq.Sən və mən…birlikdə işi yoluna qoyacağıq.Oldumu?
-Oldu,-Arzu gülümsədi,-mən var qüvvəmlə çalışacağam.Gecəmi gündüzümə qatıb…
-Lap yaxşı,-Çingiz onun sözünü kəsdi,-layihə şirkətimizə xeyli gəlir gətirib.Xarici qonaqlar dünən bizə razılıq etdilər.Həmin gəlirdən işçilərimizin əməkhaqlarına xeyli məbləğdə pul mükafatı əlavə olunacaq.Səni də təbrik etmək olar.
-Çox sağ ol…olun…Çingiz m…
-Sadəcə Çingiz.Danışdığımız kimi.Demək belə,axşamdan hazırlıq görməyə başlayın.Bir neçə günə köçürsünüz.
-Yaxşı,-Arzu biixtiyar başı ilə deyiləni təsdiqlədi.
-Lap yaxşı.İndi isə qalx şöbəyə işinlə məşğul ol.Nahar fasiləsində…,-gözucu qıza baxdı,-sənə sürprizim olacaq.
-Yaxşı,-Arzu gülümsədi.
Otaqdan çıxanda özündə nə isə bir yüngüllük hiss etdi.Çingizlə hər söhbətdən sonra özünə inamı,Çingizə etibarı birə – beş artırdı.Arxasında dağ qədər əzəmətli, güclü bir dayaq hiss edirdi.Bu,onun həyat eşqini daha da gücləndirir, yaşamaq,qurub-yaratmaq həvəsini daha da artırırdı.Həyat gözlərində anbaan gözəlləşir, yeni məna kəsb edirdi.Çingizin inamlı,qətiyyətli baxışı,ağıllı,dərin gözləri ona çox şey vəd edirdi.O,bu baxışlarda səadətini görürdü,xoşbəxtliyinin qeyri-adi ətrini duyurdu.Pillələri qalxa-qalxa “Həyat…həyat sevilən qədər də,sevəndir”,-düşünürdü.
“Sürpriz”,-özlüyündə təkrarladı,-sən həyatın mənə ən möhtəşəm hədiyyəsisən,Çingiz…,-gülümsədi,-həyat səninlə nə gözəlmiş ! Məni heyrətləndirə biləcək heç nə qalmayıb.Sən…sən aldığım nəfəs qədər əzizsən mənə.

ARDI VAR.

Govher Rustamova
www.kafiye.net