HƏSƏD. (Roman) 83

Səhər qızlar hər ikisi yuxudan erkən oyandılar.
Yubanmadan,tələsik səhər yeməyini yeyib qonağın gəlişi üçün hazırlıq görməyə başladılar.
Onların xoş əhval-ruhiyyə ilə,birgə həvəslə iş-güc görməsi ananı çox sevindirirdi.Qızlarını fərəhlə süzür,məmnunluqla gülümsəyirdi.
Günortaya yaxın qızlar işlərini bitirdilər.Qonaq otağındakı masanı səliqə ilə bəzədilər.
Xavər xanım ev sahibələrini çox gözlətmədi.Danışılan vaxt qapının zəngi çalındı.Sevil qapını açdı.Qonaq iri bir bağlama ilə mənzilə daxil oldu.Gəlişi ilə bu evə sanki qucaq dolusu işıq , hərarət gəldi.
Zəhra irəli yeriyib qonağını hörmətlə qarşıladı.Qucaqlayıb üzündən öpdü:
-Siz bu evə xoş gəlmisiniz -, dedi,-buyurun,keçin içəri.Əziz qonağımızsınız,gözümüz üstə yeriniz var.
Xavər də öz növbəsində əvvəl Zəhra ilə,sonra isə qızlarla öpüşüb görüşdü.Qonaq otağına keçəndə gözlərinə inanmadı. Ortada qoyulmuş masa çox böyük zövqlə bəzədilmişdi.
-Məndən savayı da qonaqlarınız olacaqmı?,-zarafatyana soruşdu.
-Xeyr,-Zəhra gülümsədi,-bu gün qonağımız təkcə sizsiniz.
-Vallah çox əziyyət çəkmisiniz,-Xavər keçib divana əyləşdi.Bu qədər zəhmət nəyə lazım idi? Mən çox yubanmayacam.Ürəyimdən həm sizi görmək keçdi,-Arzuya baxıb gülümsədi,-həm də…bəzi məsələləri birlikdə həll etmək qərarına gəldim.
Arzu xəfifcə gülümsəyib başını aşağı saldı.Bir anlığa ona elə gəldi ki,ürəyinin çırpıntısını otaqdakılar açıq-aşkar eşidirlər.Vəziyyətdən çıxmaq üçün süfrədəki nimçələri guya ki,yerbəyer etməyə başladı.Xavər yerindən qalxıb ona yaxınlaşdı.Məhəbbətlə saçlarına sığal çəkdi:
-Mənim gözəl Arzum.Səninçün lap darıxmışdım,-qucaqlayıb üzündən öpdü.
-Elə mən də…,-qız da onun boynunu qucaqladı.Gəlişinizi səbrsizliklə gözləyirdim.Siz gələndə evimizə sanki dünya boyda işıq , nur gəlir.
-Elə isə,-Zəhra söhbətə qarışdı,-gəlin qonağımızı masa arxasına dəvət edək.
Çox keçmədi ki,masa arxasında çox məhrəmanə,səmimi bir ab-hava yarandı.Heç kim bir-birindən çəkinmir,deyib-gülür, zarafatlaşırdı.
Sevil canla-başla qonağa qulluq edir,həvəslə hazırladığı təamları ardıcıllıqla süfrəyə düzürdü.Bir sözlə,hər şey gözlənildiyindən də yaxşı seviyyədə idi.
Xavər özünü həqiqətən də doğma,əziz insanların əhatəsindəki kimi hiss edirdi.Ürəyində bu insanlara qəribə bir bağlılıq hissi vardı.
Masaya çay süfrəsi gələndə qızların məşğulluğunu görüb astadan :
-Zəhra xanım ,-dedi,-bayaq dediyim kimi…sizinlə bəzi məsələləri məsləhət etmək istəyirəm.
-Buyurun,-Zəhra dilləndi,-sizi məmnuniyyətlə dinləyirəm.
-E…,-qadın bir qədər fasilə etdi,-yəqin ki,siz mənim Arzunu nə qədər sevdiyimi bilirsiniz.Onu həqiqətən də öz balam bilirəm.
-Bəli,-Zəhra başı ilə təsdiqlədi,-bilirəm.
-Ay qız,deyəsən söhbət səndən gedir axı,-Sevil mətbəxdə stəkanlara çay süzə-süzə astadan dilləndi.
-Söhbətə qulaq asmaq yaxşı deyil,-Arzu ona baxıb gülümsədi.
-Baxır hansı söhbətə.Buna olar,-çayları süzüb otağa keçdi.
-Bilirsiniz,-mən bu söhbəti keçən gəlişimdə də aça bilərdim,-Xavər əli ilə süfrənin kənarını sığalladı,-amma yoldaşımın gəlişini gözləyirdim.Bizim evdə hər bir qərar onun son sözü ilə verilir.Bu da elə bir məsələdir ki….
-Aha,-Sevil qulaq verdi,-deyəsən əsas məsələnin üstünə gəlirlər.
-Nə deyim…,-Xavər söhbətə başladı,-açığını deyim ki…bura xeyir iş üçün gəlmişəm,-gözucu Zəhraya baxdı,-Arzu oğlumun seçimi olsa da,mən onu öz övladım qədər sevib istəyirəm.Mən…mən Arzunu evimdə gəlin kimi görmək arzusundayam.
-Nə deyim vallah,-Zəhra udqundu,-e…bilirsiz…
– Anan indi hər şeyi tərsinə çevirməsə yaxşıdır,-Sevil astadan güldü.
-Ay qız,dinc dur.Ayıbdır,qonaq eşidər,-Arzu bacısının qolundan çəkdi.
-Eee…mane olma.Burda həyati məsələlər həll olunur,-deyib Sevil yenidən qulaq verdi.
Zəhra qonağa verəcəyi hər bir cavabı fikrində götür-qoy edir,qarşı tərəfi diqqətlə dinləyir,həyəcanını büruzə verməməyə çalışırdı.
-Nə deyim…bu ürək məsələsidir…
-Bəli.
-Gənclər bir-birini bəyənib seçiblərsə,biz nə deyə bilərik…sadəcə…sadəcə…
-Deyin,çəkinməyin.
-Bilirsiz…Arzu…Arzu mənim gözümün nurudur.Aldığım nəfəsimdir.Həyatda ən böyük istəyim balalarımı xoşbəxt görməkdir.
-Əlbəttə .Təbii.Bu hər bir ananın arzusudur.
-Elədir. Mənim narahatlığım başqa şeydəndir.
-Dedim də…indi aləm qarışacaq-Sevil gözucu bacısına baxdı.
-Sən dinc dur,anamız nə danışdığını yaxşı bilir,-Arzu astadan dilləndi.
-Buyurun,-Xavər əlini yavaşca Zəhranın əlinin üstünə qoydu,-deyin,heç nədən çəkinməyin.Nə narahatlığınız varsa,çalışıb aradan qaldırarıq.
-Sizə sirr deyil ki.. mən balalarımı təkbaşına böyütmüşəm.Onlara həm ata olmuşam,həm ana…Özümü nə qədər oda-közə vursam da,elə bilmişəm ki,azdır…məni….ailələr arasındanı fərq narahat edir Xavər xanım,-gözlərini Xavərin gözlərinə dikdi,-məni düz başa düşün.
-Sizi yaxşı başa düşürəm.Amma…maddiyyat hər şey demək deyil.Ürək,qəlb uyğunluğu da olmalıdır.Bəli,Çingiz istənilən qızla evlənə bilər.Amma…xoşbəxt ola bilərmi?Məsələ bundadır.O illərlə öz səadətini axtarıb.Mən bura hələ ki,elçi qismində gəlməmşəm,-gülümsədi,-o daha təmtəraqlı şəkldə .olacaq.
-Mən də elə…bilirsiz….necə deyim…
-Sizi anlayıram.Gələn qonaqların yanında sıxılmaq istəmirsiniz.
-Elədir.
-Çox gözəl.Mənim gəlişim də məhz bununla bağlıdır.Biz ailəvi şəkildə bir qərara gəlmişik.Təbii ki..sizin razıllğınızla…
-Hansı qərara?
-Siz qonağımız olarkən qonşuluqdakı mənzili sizə göstərmişdim.Çingizin evlənəndən sonra yaşayacağı mənzili.
-Bəli.
-Əgər etiraz etməsəniz yaxın vaxtlarda oraya köçərdiniz.
-Necə?,-Zəhra özünü itirdi,-yox…yox,-nə danışırsınız…mən heç yerə köçə bilmərəm.Uçuq-sökük də olsa,qəbulumdur.Bura mənə bütün imarətlərdən qiymətlidir.Burda yoldaşımın ruhu var.Heç nəyin xətrinə ona xəyanət edə bilmərəm.
-Siz məni düz başa düşmədiniz,-Xavər gülümsədi,-demək istədiyim başqa şeydir.Həyəcanlanmayın,sadəcə məni dinləyin.Yaxşımı?Mən müvəqqəti olaraq köçməyinizi nəzərdə tuturam.Eviniz tam,əsaslı təmir olunana qədər.
-Mənim…mənim…o imkanım yoxdur.
-Fikir çəkməyin,sizdən heç nə tələb olunmur.Təmiri Çingiz özü edəcək.

Ardı var.

Govhar Rustamova
www.kafiye.net