Ləkə – 5

Kinonun başlamasına iki saat vardı. Şahnisə bacısının dırnaqlarını pilkalamış, qırmızı lak çəkmişdi. Sonra saçlarını fenlə qurudub, hər gün özünə necə bəzək-düzək verirdisə, bu dəfə bacısı üçün canfəşanlıq etdi. Ən çox bəyəndiyi qırmızı paltonunu, qırmızı papağını Banuya geyindirdi. Özü isə üzünə adi krem də vurmamış, saçlarını sadə yığıb, qara rəngdə papağını, paltosunu geyinmişdi. Banu bacısının bəzənməməyinə təəccübləndi: – Sən niyə belə geyindin?
– Çatdıra bilmədim. Nə olacaq? Qoy bir dəfə də millət məni belə görsün. – Şahnisə bacısını inandırmağa çalışırdı. Evdəkilərlə sağollaşıb evdən çıxanda, ataları arxalarınca söyləndi: – Kinodan çıxanda mənə zəng eliyin.

Qızların bəxtlərindən sakit, narın yağış yağırdı. Axşam tərəfi camaat işdən çıxdığı üçün avtobusda sərnişinlər bir-birinə bişmədən yapışmış xəmirə bənzəyirdilər. Banu insanların ona baxıb-baxmadığına fikir verirdi, onların üzünə baxırdı. Şahnisə evdən çıxandan telefonda kiminləsə yazışırdı. Banu dodaqlarını bacısının qulağına yaxınlaşdırdı: – Kimlə yazışırsan?
Şahnisə bacısı mesajları oxumasın deyə, telefonu sinəsinə sıxdı.
– Qızlarla yazışıram. Nə vaxt çatacağımı soruşurlar.

***
Şahnisənin şirin danışığı, sözləri diqqətlə seçib yerli-yerində işlətməsi, nəvazişi, səmimiyyəti onu görməyən Qədirin ana-bacılarına da maraqlıydı. Şahnisə Qədiri bir az da təəccübləndirmişdi: Bakıda yaşamaq istəmirdi. Elə bu istəyi iki gündür Qədiri şəhərdən soyutmuşdu. Şahnisə cümlələrini çox gözəl seçmişdi. Özünü dərk edəndən ən böyük arzusu olub, kənddə yaşayan əsl kişinin qadını olmaq, ömrünü onunla birlikdə elə kənddə başa vurmaq. Və qorxurdu ki, bu arzusuna çatmaya. 
Qədir yuxuda Şahnisənin kənd sevdasını görsəydi, yuxusunu tərsinə yozardı. Çünki şəhərdə özünü gəlin kimi arzulayan kənd qızlarını çox görmüşdü. Yenə də şəhər qızlarında olmayan xüsusi nəysə vardı sevgilisində. Nə vardı? Bax, Qədir neçə aydı bunu kəşf edə bilməmişdi
Şəhərdə böyüyən, tətildən tətilə kənddə bir həftədən artıq qalmayan, üstəlik, iki dil bilən savadlı bir qızın, məktəbi güc-bəlayla bitirən, müəllimin verdiyi dərs tapşırıqlarından başqa kitab oxumayan əlində sənətindən və ata-baba yurdundan başqa ev-eşiyi olmayan kənd oğlanını seçməsi, ona üç-dörd oğlan doğmaq istəməsi Qədirin ürəyinə bir az da qorxu salmışdı. Yenə də “sevgi qarşısında hər kəs acizdir” düşüncəsi, Qədirin qorxularını zamanla canından çıxarmışdı. Özünə kişi kimi söz vermişdi ki, kənddə də olsa, Şahnisəni şəhərdən yaşayırmış kimi yaşadacaq, kəndin məktəbində müəllimə düzəldəcək, sonra “Allah kərimdir” deyib, xoşbəxt yaşayacaqlar. 
Qədir bir gün əvvəl kənddən çağırdığı uşaqlıq dostlarıyla Şahnisəni kinoteatrın qaşısında, dördgöz Mersedesin içində oturub həyəcanla gözləyirdilər. Dördgöz Mersedesin sürücüsü, Qədirdən iki sinif böyük olan Elman yolda dostunun həyəcanını öldürmək üçün bildiyi “Molla Nəsrəddin” lətifələrindən danışmışdı. Qədir gülürdü gülməyinə, ancaq insan həyatını dəyişdirən qərarlar verəndə, daha doğrusu, qəti qərarla qərarsızlıq arasında qalanda gülməyi də, ağlamağı da bilinmir.
Arxa oturacaqda Qədirlə birlikdə oturan Vüsalın gözləməyə hövsələsi çatmırdı: – Dəqiq qız gələcək? 
Qədir başıyla təsdiqlədi: – Yazdı ki, yoldadır. Qonşunun qızıyla gələcək…

***
Avtobus dayanacaqda dayandı, bacılar avtobusdan düşdülər. Şahnisə papağını qaşlarınacan dartdı, boğazındakı şərfi burnunacan çəkdi. Banu “hər ehtimala qarşı külək olar” ehtiyatıyla şarfı saçlarının üstündən dolamışdı. Kinotetrın qabağında heç kim yoxuydu. Kinoya, teatra işləməkdən həvəs qalmayan şəhərin az-az böyük insanlarından kinoya gələn görərdin. Amma Nizaminin qabağında demək olar heç kim yoxuydu, tək-tük adam qarşısından keçib o tərəfə, bu tərəfə gedirdi. Şahnisə astaca bacısının qolundan tutdu: – Burda gözlə, gəlirəm.
– Hara gedirsən? – Banu maraqla soruşdu.
– Kontur almalıyam. Gözlə məni.- Şahnisə tələsik iri addımlarla bacısından xeyli uzaqlaşdı. Qədir dostlarıyla maşından düşdü. Vüsal maşının arxa qapısını açıq qoydu. Qədir əlindəki dəsmalı Banunun burnuna yaxınlaşdırdı, qız ancaq bir-neçə saniyə müqavimət göstərə bildi. Qədir Banunu qucağına aldı, Elmanın köməyiylə öncə özü maşına oturdu, sonra Banunu maşına uzandıra bildi. Banunun başını dizlərinin üstünə qoydu. Qızın ləkəli üzü diz tərəfə düşmüşdü, Qədir saçlarıyla oynasa da, kəndə çatmamış heç nəyin fərqində olmayacaqdı. Qədirgilin kəndə çatmasına ancaq beş-altı saat vaxt aparırdı. Vüsal oturmaq üçün qabağa keçdi. 
Hər şeyi kənardan izləyən Şahnisə həyəcandanmı, qorxudanmı ağlayırdı, görünməyən maşının arxasınca baxa-baxa kinoteatra yaxınlaşdı, qapını açıb içəri girdi. Aldığı biletlə zala keçdi. Gözləri kinoda, ruhu da, fikri də bacısının yanındaydı. Zalda Şahnisədən başqa üç-dörd adam vardı. Kinonun mövzusu komediyaydı. Şahnisə ağlayaraq gülürdü. 
Kinoda qızla oğlan sevişəndə, Şahnisə qəhqəhə çəkdi. Zaldakılar Şahnisəyə baxdılar. Şahnisə özündən üç oturacaq aralı oturmuş qıza baxdı: – Çox şişirdirlər. Onsuzda bir qız bir oğlanındı. Ya zəlzələdən, ya vəlvələdən. Hər şey bu qədər sadədir.

Qız Şahnisənin nə dediyini başa düşmürdü. Şahnisə dodağının altında danışmağa başladı.
– Sadədir. Böyüdəcək heç nə yoxdu. Qisməti bacımdı… Qisməti bacımdı…
Kino bitdi, Şahnisə zaldan çıxdı. Kinoteatrın qabağında pilləkanda oturub telefonu paltonunun cibindən çıxartdı, atasının adının üstündən “yes’ düyməsini basdı.
– Ata – deyən kimi ağlamağa başladı….

SON

Şefaqet Cavanşirzade
www.kafiye.net