Ləkə – 4

Uşaqlıqdan elə insanlara vərdiş eləmişdi, incimirdi. Əvvəlki kimi heç kim görməsin deyə hamamda ağlamırdı da. Yaşı əllini keçmiş, ərə qulluq etmək həvəsini çoxdan cavanlıq illərində it-bata salmış qızlara deyilən boğazdan yuxarı duaların Banuya deyilməsi, əvvəlki kimi düşüncələrində çürütmək üçün ilişib qalmırdı…
Bu dəfə hamama güzgünün qarşısına keçib ilk dəfə bacısının pomadasını dodaqlarına sürtmək üçün keçdi. Pomadanın rəngi tünd olduğundan, dodaqlarının rəngi cəlbedici görünürdü. Çox xoşuna gəldi. Sol yanağını saçlarının altında gizlətdi və bacısının haqlı olduğunu ürəyində təsdiqlədi. Həyəcan keçirdi, təhsilini yarımçıq qoyduğu üçün ilk dəfə peşman oldu.
Banu nə fikirləşdisə dodaqlarını sabunla yuyub hamamdan çıxdı. 
Həftənin sonuna iki gün qalmış Banu bacısının məsləhətiylə kinoya geyinəcəyi paltarıdan, boynuna dolayacağı şarfdan, başına örtəcəyi papağından tutmuş, dırnaqlarına vuracağı lak rənginəcən seçmişdi. 
****
Şahnisə Qədirlə görüşdü, əvvəlki qız deyildi,mısmırıqlı, başını yerdən qaldırmırdı, qaldırsa da Qədirin üzünə baxmırdı. Qədir bir dəfə nə olduğunu soruşdu, çiyin atdı: – Hər şey yaxşıdır.
– Ona görə kefin yoxdu? Fikir vermisənsə, bəyaqdan mən danışıram, sən qulaq asırsan.
– Guya desəm, başa düşüəcəksən. Susmağım məsləhətdir. 
– Vallah, başa düşəcəm. Heyvan-zad deyiləm ki. Adam balasıyam da.
– Sən canı, bu nə danışıqdı? Özünü niyə belə dəyərləndirirsən? Arada belə danışığına qıcıqlanıram. Sənə verdiyim bədii kitabları oxumursan?
– Yox vallah, oxuyuram. Hər axşam yatmamışdan əvvəl 20-25 səhifə oxuyuram.
– Elə bu qədər? – Şahnisə gördü ki, yox, Qədirin canında yoxdursa, ona kitabı çətin sevdirə. Onsuzda o, Qədiri olduğu kimi qəbul eləmişdi.
– Qədir, sən istəsən ali məktəbə qəbul ola bilərsən? 
– İstəsəm, hə. Axı, istəmirəm
– Niyə? Boy-buxunun var, yaraşıqlısan. Sözləri səlis danışırsan. Başın dolu olsa, dünya dağılmaz ki.

Şahnisənin sonuncu cümləsi Qədirin qəlbinə toxundu.
– Sənin dərdini başa düşdüm. Məni özünə yaraşdırmırsan. Aydındır.
– Çox sağ ol. Bu qədər danışdıqlarımın içində başa düşdüyün budursa, daha sənə sözüm yoxdur.
– Ağzından çıxan cümləyə fikir vermədin? Başın dolu olsa nədi? Ola bilər çox kitab oxumusan. Heç vaxt mən sənin kimi kitab oxuya bilməyəcəm, bilirəm, amma o demək deyil ki, tupoyam. İndidən belə başladıqsa, gələcəyimiz necə olacaq? Ailə qurandan sonra məndən utanacaqsansa, niyə evlənməliyik?

Şahnisə gördü ki, bir az da kitab barədə Qədirlə söhbət eləsə, ayrılacaqlar, şirin dillə söhbətin məğzini dəyişməyə çalışdı.
– Bağışla, düzü, səhərdən qanım qaradı, acığımı səndən çıxıram. Neynim e, gücüm sənə çatır. – deyib Qədirin qoluna girdi. Qədir həyəcanlandı, bədəninə qəribə üşütmə gəldi. Gözlərini Şahnisənin qoluna girmiş qoluna zillədi. 
– Nədi? Altı aylıq sevgilimin qoluna girə bilmərəm? Yoxsa çuşka oğlanlar kimi pis baxırsan? – Şahnisə gözünü süzdürdü.
– Əlbəttə, yox. Mən səni doğrudan sevirəm, Şahnisə?
– Qədir, sən mənə nə vaxt nifrət eliyərsən? Axı, sevgidən nifrətə həqiqətən bir addımlıq yol var. 
– Nifrətin özü elə sevgidir. Kim ki deyir ha, sənə nifrət edirəm. Bax, o adam əslində sevir. 
– Onda xahiş edirəm, Qədir, həmişə mənə hörmət elə. Ömür boyu yanında olacam. 
– Niyyətim odur. Mən qorxuram ki, sən məni yarı yolda qoyasan. 
– Qədir, atamgil məni başqasına vermək istəyir. Məni kəndinizə qaçırarsan? Qaçırarsan?

Qədirin nitqi tutuldu, Şahnisənin gözlərinə baxdı. Şahnisə bu dəfə Qədirin əllərindən tutdu. 
– Əgər qorxursansa, bu dəqiqə sənə xoşbəxtlik arzulayıb ayrıla bilərəm. Mən sənin sevginə arxayın olub “qaçır məni” deyirəm. Yoxsa hansı qız öz qürurunu ayaqlar altına atıb oğlandan belə şey istəyər?

Qədir susurdu. Şahnisənin zarafat edib-etməməsini dəqiqləşdirirdi.
– Ciddisən? 
– Məlum oldu…Qorxursan. Yaxşı, sağ ol. – deyib Şahnisə Qədirin əllərini buraxdı və yoluna davam etdi. Məyus olmuşdu, gözəlliyi, savadı onun köməyinə çatmamışdı…

Ardı var…

Şefaqet Cavanşirzade
www.kafiye.net