Ləkə – 3

Şahnisə qəfildən hamama girəndə Banu əlini üzündən çəkdi. Şahnisə ayıq qızıydı, bacısının üzündəki ləkəni neçə il gözündə böyüdüb, özünü evə həps eləməsi heç cür ona çatmırdı.
– Sən hər şeyi gözündə kiçiltmək yerinə, daha da böyüdürsən. Mənasız bir şeyə görə özünə də, anamgilə də neçə ildi əziyyət verirsən.
Şahnisənin birdən-birə bu cür danışması Banunu təəccübləndirdi, bir az da incidi.
– Sən mənim yerimdə olsaydın, neyliyərdin?
– Yenə də universitetdə oxuyardım. Həyat davam edir. – Şahnisə paltarını soyundu.
– Sən taleli doğulmusan. Vallah, Allah səni bəxtli yazıb, məni bəxtsiz.- Banu öz taleyindən gileyləndi. Şahnisə lüt duşun altına keçib saçını islatdı.
– Lap altmış yaşında qarımış qızlar kimi danışdın. Allah heç kimə pis bəxt yazmır. Birdə ki adamın taleyi öz əlindədir. Allah heç kimə bəxt yazmır. Uzağı nələrisə kodlaşdıra bilər, ya da həmişə iki yol ayrıcında qoyur adamı. Yaxşını seçsən yaxşı olacaq, pisi seçsən pis olacaq. – Şahnisə saçını şampunladı.
– Səndən bərk incimişəm. 
– Niyə? – Banu ürəksiz bacısından soruşdu.
Şahnisə suyun altında dodaqlarını bir-birinə kilitləmişdi ki, ağzına şampunlu su girməsin. Bacısına cavab verməyə tələsmirdi. Banu bacısını süzürdü. Bədən ölçüləri, saçlarının uzunluqları bir-birindən seçilmirdi. Bəzən xiffət çəkirdi, bəzən Tanrıya gizli-gizli üstan edirdi ki, niyə üzündəki ləkədən bacısında yoxdur. Bəzən bacısının paxıllığını da çəkirdi. Gözü bacısının bədənində, yol çəkirdi. Şahnisə üzünün şampunu yuduqdan sonra bacısına yaxınlaşdı.
– Güzgüyə bax.
Banu güzgüyə baxdı. Şahnisə bacısının saçlarını toplayıb xallı üzünə tərəf tökdü. Xal saçların altında görünməz oldu. 
– Özünə baxsan, məndən də gözəlsən. Vallah, gözəlsən. Sən safsan, mən çoxbilmiş. Sən adətlərə dəyər verən qızsan, mən insanlar tərəfindən yaradılan bütün qanunlara nifrət edirəm. Aramızda yeganə fərq budur. Müqayisə eləsək, papa canı, sən ədəbiyyatı məndən çox oxumusan. 
– Ekizik. Bəzənsək də, bəzənməsək də eyni görünürük. Bircə…
Şahnisə imkan vermədi Banu cümləsini tamamlasın. Çiynini atdı. Adaxlısından küsmüş nazlı qızlar kimi incə dodaqlarını büzdü. 
– Nə olsun? Mənimlə bir yerə getmirsən ki!… Qrup yoldaşlarım bacısıyla gəlir e universitetə. Hamısı ekiz doğulduğumu bilir. Səni niyə gətirmədiyimi soruşurlar. 
Banu əliylə üzünü işarə elədi.
– Bu üzlə? Məni rəfiqələrinlə tanış edəndə utanmıyacaqsan?
– Nənəm demişkən, pozğunluq edirsən ki, səndən utanım? 
Şahnisə bacısının sağ tərəfinə keçdi, şirin dillə sözünə davam elədi.
– Nə var üzündə? Qurban olaram, bircə dəfə üzündəki xalı yaddan çıxart, mənlə şəhərə gəzməyə gedək.
Banu etirazını bildirdi.
– Yox e, utanıram.
– Qurban olaram, bu həftə kinoya gedək. Universitetdən bilet verəcəklər, tək getmək istəmirəm, axı. Belə edək. İkimiz də saçımızı sol tərəfə atarıq. Bəzənib-düzənərik. Vallah, bizi bir-birimizdən seçməyəcəklər. Qurban olum, yox demə. Kino xoşuna gəlməsə, Allah haqqı, yarımçıq çıxıb evə qayıdacağıq. 
Banu bacısının haqlı olduğunu bilirdi. Bilirdi ki, ömür boyu dörd divar arasında qocalmağın mənası da yoxdu. Çoxdandır sevincdən uzaq düşmüş gözlərini mehribancasına yumub-açdı. Bacısına baxışlarıyla onunla kinoya getməyə razılıq verdiyini bildirdi. Şahnisə sevincindən bacısını qucaqladı.
– Kinodan sonra sənə özümlə bağlı sirr də deyəcəm. Amma and iç ki, heç kimə deməyəcəksən.
– Nə sirdi elə?
– And iç sonra.
– Allah haqqı, heç kimə deməyəcəm.
– Mamamızın canına and iç, sonra.
– Mama canı heç kimə heç nə deməyəcəm.
– Mən səni bazar günü bir nəfərlə tanış edəcəm. İstədiyim oğlandı
– İstədiyin oğlan var? – Banu təəccübləndi.
– Bazar günü tanıyarsan.

Şahnisə çiməndən sonra hamamdan çıxdı. Çox qəribədir ki, həmişə Şahnisə hamamdan çıxanda, Banu arxasınca hamamı təmizləyərdi. Elə bil yazılmamış qanun iki bacı tərəfindən əzbərlənmişdi. Hamam işinə Banu baxır. Evin işləri də Banuya aiddir. Şahnisənin paltarlarını da Banu ütüləyirdi. Şahnisə özünü tanıyandan paltar ütüləməkdən zəhləsi gedib. Banu gecə yataqda bacısından istədiyi oğlan haqqında çox çalışdı ki, söz alsın, Şahnisə bir kəlmə də danışmadı. Eləcə – Vaxtı çatanda məndən də yaxşı tanıyacaqsan – deyirdi. Sonra bacısının suallarından yayınmaq üçün Banunun gələcəyini necə xəyal etdiyini danışırdı ona. Şahnisə Banunun nikbin həyatının olacağından ağızdolusu danışdıqca, Banu sakit dayanıb onun gözlərinə baxırdı. İlahi, bacısı yeganə insandı ki, onun xoşbəxt olacağına ürəkdən inanırdı. Elə bil yaradan tale qələmini Şahnisənin əlinə vermişdi, o da istədiyi kimi yazırdı. Şahnisə danışdıqca Banu onlar arasında fərq qoyan qonum-qonşuları, qohum-əqrabaları xatırlayırdı. Bacısına hamı ürəklə: – gözəl-göyçək qızsan. Allah bəxtini də üzün qədər gözəl eləsin – ürəklə alqış edəndə, onun ürəyində xal qalmasın deyə – Allah sənin də bəxt yolunu açsın – deyirdilər. Onu görən insanların alqışlarını, xoş sözlərini özü kimi bənizi dərddən solmuş adamlara bənzədirdi… Onsuzda bəxtində işıqlı nöqtəyə də ümidləri yoxuydu. Bacısının niyə onunla bağlı ümidli olması maraqlıydı ona.

Ardı var…

Şefaqet Cavanşirzade
www.kafiye.net