Ləkə -2

Nikbin təbiətli, deyib-gülən, adamla asanlıqla ünsiyyət yaradan qızıydı. Uzun zil qara saçları, qəhvəyi rəngində olan gözləri ekiz bacıları məhlənin digər qızlarından seçirdi. Şahnisəni universitetdə çox oğlan bəyənirdi. Sevən kim, ömür-gün yoldaşı görmək istəyən kim, bir gün də olsa, onunla şəhərin bu başından o başınacan gəzmək istəyən kim!…

Şahnisə bircə oğlana “hə” demişdi, dərsdən sonra gününü onunla keçirirdi. O oğlanla münasibət qurmağı qrup yoldaşlarını təəccübləndirmiş, ona vurulan oğlanları qıcıqlandırmışdı. Bir sözlə, Şahnisə ona nə savadıyla, nə görünüşüylə uyğun gəlməyən oğlana görə universitetdə adını ağızdan-ağıza salmışdı. Bu vəziyyəti özü də yaxşı bilirdi. Ancaq Şahnisənin düşüncələri şərq qadınının düşüncəsinə bənzəmədiyi üçün haqqında danışılanlar onu zərrə qədər narahat eləmirdi. Müəllimləri də universitetlə üzbəüz yerləşən balaca butkada ayaqqabı tikən Qədirlə Şahnisədən bir araya gələndə danışırdılar. Şahnisə rahatıydı, əsas odur ki, heç kim cəsarət edib üzünə bir söz deyə bilmirdi. Göydə Allah var, Qədirlə Şahnisənin dünyagörüşündə yerlə-göy qədər fərq olsa da, 1.85 boyu ilə universitetdə təhsil alıb, yaxşı maşınıyla, geyimiylə bərk gedən oğlanlardan daha çox əsl Qafqaz kişisini xatırladırdı: qalın qara qaşları və iri gözləri, üzündə saxladığı narın saqqalı təkcə Şahnisənin diqqətini çəkməmişdi. Xəyallarında bahalı maşın sürən balacaboy oğlanların yerinə Qədiri təsəvvür edib heyfslənən qızlar da az deyildi. Qədir həyatını qazanmaq üçün, kasıbçılıqdan canını qurtarmaq üçün rayondan Bakıya gəlmişdi. Şahnisəni öz payına yaradanın gözəl hədiyyəsi kimi qəbul edirdi. Qıza görə günortadan sonra butkasının qapısını bağlıyardı, Elmlərdən Tiblisiyə qədər yanbayan piyada gələrdilər, sonra qızı avtobusa mindirib, oradan öz butkasına avtobusla da geri qayıdardı. Altı aydı sevgiliydilər, öpüşmək nədir, qızın əlindən belə tutmağa ürək eləməmişdi. Qədir belə oğlanıydı, təmiz rayon uşağıydı. Qədir bakirə qızlar kimiydi, bakir qalmışdı, iyirmi iki yaşı vardı, üzünü açan qadın da olmamışdı həyatında.

Şahnisə kimi avropa qadınların xarakterinə malik olan qız niyə Qədirin əlindən tutması üçün şərait yaratmamışdı, onları gizli-gizli güdən qızlara da, oğlanlara da maraqlı gəlirdi. Çünki Şahnisə fikirlərini, təhsilini xaricdə davam etdirib orda birdəfəlik yaşamaq istəyini Qədirdən başqa hər kəsin yanında dilinə gətirmişdi.

Şahnisə Qədir haqqında bir kəlmə də olsun nə anasına, nə də ekiz tayına bir söz deməmişdi. Bircə dəfə də olsun evdə sevgilisiylə telefonda danışmamışdı. Evə gəldi, bacısı yenə hamamda nənəsinin belini kisəylə sürtürdü.

Qapını açıb: – İki gündən bir xeyirdimi, ay arvad çimirsən? Kişi də yoxdur yanında, şübhələnim. – həmişəki kimi zarafatından geri qalmırdı.
– Az, qafını ört, soyux apardı böyrümü.- nənə deyinməyə başladı. Banu gülürdü. Şahnisə qapını örtüb bacısıyla bir yatdığı otağa keçdi. 
Banu nənəsinin bədənini sabunladıqdan sonra xələtini geyindirdi. Bəyaq suyun altında düz olub nənəsinin ombasınacan düşən saçlarını ikiyə ayırıb hördüyü saçlar hörüldükcə yığılır, arvadın qırışmış üzünə bənzəyirdilər. Dəmir stulda oturması üçün altına çəkən Banu, nənəsinin sağ ayağını dizlərinin üstünə qoyub, uzanmış dırnaqlarını qayçıyla kəsməyə başladı. Nənə məhrəbanın ucundan tutub yellədə-yellədə nəvəsinə dua edirdi.
– Allah səni xoşbaxt eləsin. Zəlil qalmışlar uzananda məni incidir. Baş barmağımın uju göynəyir. Başaa dönüm, hamamdan çıxanda pilkayla böyür-bujağını düzəldərsən, ətimə batmasın.
Banu susurdu, başını aşağı salmışdı, özünü firon qulu kimi aparırdı.

Nənə hamamdan çıxandan sonra Banu bəyaq darayanda, başda tab gətirməyib yerə tökülmüş xınalı tükləri yığdı, isti suyun buxarından utancaq gəlin kimi gizlənmiş güzgünü əliylə silməyə başladı. Qəfildən əlini dayandırdı. Sol yanağını utandıran xalına baxdı, sonra əliylə astaca toxundu…

Ardı var…

Şefaqet Cavanşirzade
www.kafiye.net