Ləkə – 1

Hər şey otuz il əvvəl baş verdi. Yaddaşlardan silinməyən otuz il.

Evdə onu özünə bənzədən anası var. Hansı ki mətbəx sirrlərindən tutmuş, kişiyə qarşı səbrli və təmkinli olmasınacan hamısını anasından öyrənmişdi Banu. Xasiyyəti də anasının xasiyyətinə ekiziydi: az danışan, əldən zirək, özünə qız kimi baxmağa qorxan insan. Anası qadın kimi toydan-toya bəzənərdi. Ad günləri, evdə qohumlardan on-on beş adamlıq qonaqlıq olanda səliqəli paltar geyinər, gözə batan iri qızıllarını taxardı. Ekiz tay bacısıyla atalarına bənzəyirdilər: boyları hündür, boğazları uzun, incə bel. Neçə il ekiz tayından başqa evin digər sakinləri gözlərini onun gözlərindən gizlətməyə özləri də bilmədən vərdiş eləmişdilər. Atası hamıdan çpx gizlədirdi. Xala xətri qalmasın deyə o biri bacısının bir dəfə olsun başını sığallamayanda, Banunun başına bayramdan-bayrama sığal çəkərdi. Evdə qoca nənəsi danışmağa adam tapmayanda ona təkrar-təkrar məcbur köçkün düşdüyü yurdlarından danışar, qız vaxtı babasının aldığı gümüş kəmərin təkcə onun belinə oturduğunu, kəndin ən incəbel qızı olduğunu fərəhlə dilində dolayıb gəncliyi üçün kövrələrdi. Banu nənəsinin keçmişini atasından əzbər bilirdi. Bakıda doğulduğundan yenə də nənəsinin danışdıqları ona nağıl kimi gələrdi. Çünki kənd həyatı görməmişdi. İyirmi yaşınacan Bakıdan və Sumqayıtdan başqa məkan tanımırdı. Ekiz tayı Şahnisə bacısından be dəqiqə tez dünyaya gəlmişdi. Şahnisədən fərqli olaraq Banu doqquzuncu sinifdə oxuyanda, iki ayağını bir başmağa dirəyib “mən məktəbə getməyəcəm” deyəndə, Şahnisə məktəbi “əlaçı” şagird kimi bitirib, yüksək balla Bakı Dövlət universitetinin xarici dillər fakultəsinə qəbul olmuşdu. Banu isə özünə tez-tez “Allahın unutduğu bəndə” deyirdi. Ən isti fəsildə həyətə çıxmaz, tay-tuşlarıyla qaynayıb-qarışmazdı. Banuya yeganə doğma bir şey varsa, o da hər gün səliqə-səhmana saldığı iki otağın dörd divarları idi. Həyatın axarında özünü unudan və bacaran insanlardanıydı. Çox darıxanda bacısının oxuduğu bədii kitablarda həyatı axtarırdı, özünü qəhrəman qadınlara bənzədirdi. Niyə bənzətdiyini özü də bilmirdi. Ordakı qəhrəmanlarla ortaq heç bir cəhəti yoxuydu. Şahnisə isə Banudan tamam fərqliydi.

Ardı var…

Şefaqet Cavanşirzade
www.kafiye.net