Qaytar insanlığı

Ulu Tanrım, səndən bir xahişim var,
Əgər səhvim varsa cəza ver, elə.
Millətin adından sifarişim var,
Bizi yaratmısan, yerbəyer elə.

Axı sən yaratdın Günəşi, Ayı,
Sayəndə hər şeyi görür insanlar.
Bizimçün yaratdın dənizi, çayı,
Bəs niyə güc ilə bölür insanlar?

Niyə tamah verdin, niyə sən bizə?
İndi qardaşdan da pay umuruq biz.
Niyə döndərmisən bizi iblisə?
Haqsızlıq görəndə göz yumuruq biz.

Torpaq əldən gedib..,susursa millət,
Bu cür yaşamağım tarixə ləkə.
Niyə göstərirsən bir belə zillət,
Niyə başımızı qatıb mərəkə?

Oyat bu yuxudan, oyat bizləri,
İnsanlığı qaytar, insana güc ver.
Qıyma ki, haqsızlıq əysin dizləri,
Nahağı vurmaqla bizə sevinc ver.

Ölüm qabağına çıxdıq boş əllə,
Nə ilə aldatdı bu şeytan bizi?
Bu qədər günahla, nankor əməllə,
Görən bağışlarmı o, meydan bizi?

Verdiyin bu ömür əlli il yetər,
Qaytar, insanlığı insana qaytar,
Günahlar etməyim bundan da betər,
Sakiti insan tək dünyadan apar.

17. 07. 2019.
Sakit Memmedova
www.kafiye.net