Kiməm mən

Həsrətinlə yana-yana ölən mən,
Yanıb-yanıb,odu sönmüş küləm mən.
Elə öyrətdin ki sənsizliyinə
Çətin bir də görüşünə gələm mən.

Bir cənnət qoxulu sözdüm,sətirdim,
Dil açmamış ürəyimdə bitirdim.
Gülüşümü elə alıb götürdün,
Çətin bir də bu dünyada güləm mən.

Dağdan axan şəlaləydim,qurudum,
Zirvələrdə bir qar idim,əridim.
Bir çağlayan dağ seliydim,kiridim,
Duru göldüm,bulanmışam,liləm mən.

Tənha Bulud,dünya sənə qəfəsdi,
Dünya özü bir yalançı həvəsdi,
Qırıq-kəsik ömür sürdün.ta bəsdi!
Gülşənindən ayrı düşən güləm mən.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net