SƏSSİZ VULKAN (povest)

Həyat çox vaxt saf insanlara elə acımasız davranır ki, insan bu həyatın gözəlliklərinə laqeyd qalır. Həyata baxışların süni, təbəssümün süni, hətta varlığın belə süni olur. Bax o zaman yalan dünyanın yalan ağuşundan qopub, həqiqətlər olan axirətə can atır insan amma, arxasında buraxdığı əmanəti düşündükcə ölümdən vaz keçib, yenidən onu əzib, yerdən-yerə vuran həyatla barışır və onun ətəyindən möhkəm yapışmaq məcburiyyətində qalır insan.Məhtab da, həyatın bu amansız burulğanında çabalayırdı.Səhər tezdən durub adəti üzrə işə tələsən Məhtab evdən çıxarkən geri döndü, qızının yatağına yaxınlaşıb, üstünü örtüb al qırmızı yanaqlarından öpdü və tələsik evdən çıxıb avtobus dayanacağına qaçdı.O, avtobusa minərkən hər zaman avtobusun pəncərəsinə tərəf oturardı və uzun uzadı fikrə dalardı.Dəfələrlə xəyallar aləminə dalaraq düşəcəyi dayanacaqdan ötüb keçmişdi.Bu gün də adəti üzrə pəncərəyə yaxın oturub, yorğun halda başını şüşəyə söykədi və xəyallar aləminə qərq oldu.Avtobusun yırğalanması Məhtabı daha da xəyalların dərinliyinə çəkib aparırdı.Yenə də xəyallar keçmişə qonaq getdi, Vüsaldan ayrıldığı gündən avtobusa minərkən pəncərədən baxıb gözləri Vüsalı axtarardı.Hərdən elə bilərdi ki, Vüsal yol kənarında durub Məhtaba əl edir, gah da kədərli və həsrət dolu baxışlarla onu süzür.Hələ dəfələrlə diksinib avtobusun pəncərəsindən təlaşla geriyə boylanıb, Vüsalın xəyalı onun gözləri önündə əriyib.Amma yenə də çəkdiklərini ürəyinin bir köşəsinə atan Məhtab gözündən axan hər bir damla yaşı kiritməyə cəhd edib, üzündə süni təbəssüm yaratmışdı.Kimsə onun əzildiyini bilməyəcəkdi, kimsə onun param-parça olduğunu görməyəcəkdi üzündəki o süni təbəssümlə həm özünü həm də ətrafını aldatacaqdı, hər kəs onu xoşbəxt sanacaqdı.O, bu xoşbəxt siması ilə onu dəfələrlə vurub yıxan həyata meydan oxuyacaqdı və uca səslə “Bax həyat, bax, mən səndən güclüyəm sən yıxdın amma mən yıxılmadım, sən əydin mən əyilmədim, sən qovdun, mən qaçsam da, səndən aralanmadım” deyəcəkdi.
Məhtab hər şeyin gec olduğunu bilirdi, düşünürdü ki, onu bir daha görməyəcək, bir daha səsini eşitməyəcək qəlbində boğulub qalan o bir kəlmə sualı ona verə bilməyəcək və bu sirli sehrli ayrılığın səbəbi bilinməyəcək “Niyə?”. Hətta məzara bu cavabsız sualla gedəcəyindən qorxurdu.Yaddaşı sanki yenilənmişdi həmin gün, yenidən keçmişə, gəncliyinin solğun çiçəklər açdığı illərə qayıtmışdı.Vüsalın ondan səbəbsiz ayrıldığı günlərinə, arxasınca axıtdığı göz yaşlarına döndü Məhtab. Hansı ki, o gün onun sevgisinin yıxıldığı, adının yerə düşdüyü günə.

İş yerinə çatmışdı amma, xəyallarından uzaq düşə bilmirdi.Hey düşünür, düşünürdü.Yaş ötür ömür bitir, bəlkə də bu acı taleyimə dözməyib tezliklə dünyadan köçəcəm, bu sual mənim məzarda belə qəlbimi parçalayacaq deyə düşünürdü. “Axı niyə? Nə etdim sənə Vüsal? Sevgimi bir ağır daş kimi başıma çaxıb, qürurumu ayaqlar altına atıb getdin”- deyib dodaqaltı mızıldandı.Həmin gündən səni sevməyim başıma qaxınc oldu. Qohum da, yad da, hətta öz valideyinlərim və sözdə həyat yoldaşım da söz düşəndə başıma kül kimi əndərdilər saf sevgimi. “Vüsal, görəsən qarşılaşsaq səni yenidən sevərəm yoxsa, yoxsa səndən intiqam alaram?

Elə bu düşüncələr altında içəri daxil olan müştərinin səsinə ayıldı.Müştəri- “Məhtab xanım bayaqdan sizi səsləyirəm sanki buralarda deyildiniz”- deyəndə, Məhtab başını qaldırıb, – Bağışlayın, çox fikirli olmuşam- dedi və başını qaldıranda köhnə iş yoldaşı Saranı qarşısında gördü. Sara – A, Məhtab, bu sənsən?
-deyib onu qucaqladı:
– Ay qız mən də səni axtarırdım. Qismətə bax, gör gəlib səni harda tapdım. Məhtab mehriban baxışlarla Saranı süzüb:
– Səni hansı rüzgar atdı bura ay qız- deyib onu qucaqladı.Oturub bir az dərdləşdilər. Sara:
– Eşitmişəm yeni kitabın nəşrdən çıxıb mənə yoxdumu?
– Niyə olmasın ki,- Məhtab gülümsəyib çantasından kitabını çıxarıb Saraya uzatdı. Sara bir az şıltaq və çox güləyən qadın idi.Hər kəlməsinin başında gülərdi amma Məhtab bu gülüşlərə əhəmiyyət vermirdi, çünki, bilirdi ki, çox gülən qadının qəlbi dərdlə dolu olar.

Sara kitabı vərəqləyəndə:
– Məhtab bu nə qəmli şeirlərdi? Nə olub ay qız? Yoxsa aşiq olmusan kiməsə?- deyib möhkəmnən qəh-qəhə çəkdi. Amma, bu gülüş Məhtabın çox acığına gəldi.Tərs baxışlarla onu süzüb:
– Sən nə danışırsan? Şeirdi də, elə belə yazmışam. Bir də ki, şeir bu gündən yox keçmiş acılardan yaranar- dedi. Sara şit gülüşündən xəcalət çəkib üzr istədi və -” Məhtab, sənin keçmişin sirli və kədərli kimi görünür. Niyə mənə bu barədə heç nə deməmisən ay qız?”
– deyib, Məhtabın çiyinlərindən yapışıb başını qaldırdı. Elə bu an bir zəng gəldi. Sara sözünü yarımçıq kəsib getməyə hazırlaşdı:
– Yaxşı, sağ ol Məhtab, müştəri gəlib, toya gedir saçını qaydaya salmalıyam, gedim sonra görüşərik- deyib atelyedən çıxdı.Məhtab isə yenidən öz xatirələrinə sarılıb işinə davam etdi. Axşama yaxın Məhtabın telefonuna zəng gəldi. Bu, qızı Gülnar idi. Məhtab telefonu açar açmaz qızının sözlərini eşitdi:
– Ana, mən xalam gildəyəm. İşdən çıxanda gəl bura birlikdə evə gedək- sözlərini eşitdi və dedi:
-Yaxşı qızım, bir azdan gəlirəm – deyib evə getməyə hazırlaşdı.
Bacısı Tərlangilə çatan kimi Gülnar onu qucaqlayıb:
– Ana, gəl bax gör Ülkər xalanın durumundakı bu kişi kimdi? Hamısını tanıdıq amma bu kişini yox. Məhtab:
– Ay qızım, imkan ver nəfəsimi dərim, nə bilim kimdi – deyib telefonu qızından aldı və bir anlığa yerində donub qaldı.Əlləri elə əsdi ki, telefon az qaldı ki, əlindən yerə düşsün.Aman Allah bu o idi. İyirmi beş il üzünü görmədiyi Vüsal. Necə də yaşlanmışdı İlahi, saçları ağarmışdı. Məhtabın gözlərinə qaranlıq çökdü, ürəyi durmadan döyünməyə başladı. Nitqi elə tutulmuşdu ki, Vüsalın adını belə dilinə gətirə bilmirdi. Gülnar isə anasını tez-tez dümsükləyib, – Ana, kimdi bu? – deyirdi. Məhtab yaşla dolmuş gözlərini Gülnardan gizləyərək:
– Ülkər xalanın qardaşı Vüsaldır, qızım-dedi.Tərlan bu sözdən diksinərək bir kəlmə dedi:
– Kim?
Həyat elə həmin gündən Məhtaba məğlub olmağa başladı, amma, yenə də acılar çəkdirərək.

Metanet Duygulu
www.kafiye.net