OĞRU

Deyəsən dünyanı oğrular qurub,
Əl açıb meydanı sulayır oğru.
Bütün ölkələrin başından vurub,
Nadanı nadana calayır oğru.

Toyuq oğurladı, kimsə dinmədi,
Mal dövlət talındı, qəlbə sinmədi.
Göylərdə yer alıb, yerə enmədi,
Yerləri, göyləri talayır oğru.

Göz dikdi tarixə, torpaq istədi,
Taladı, nə bir sədd sərhəd bilmədi.
Hər yeri yurd bilib, doğdu törədi,
İndi də atəşlər qalayır oğru.

Bədnam əməlləri gəlməyir saya,
Gah çamur tullayır, gah da daş-qaya.
Hələ arsız-arsız bütün dünyaya,
Uzadıb quyruğu bulayır oğru.

Deyir, dünya bizim, el də bizimdir,
Bu hava, bu yağış yel də bizimdir.
Dillər içindəki dil də bizimdir,
Çıxan tüpürcəyi yalayır oğru.

Hələ ki, göz yumub uyumuşuq biz,
Talanır yurdumuz, şeir nəğməmiz.
Hələ zaman-zaman əymək üçün diz,
Hər gün yeni yollar arayır oğru.

Müəllif. Metanet Duyğulu.
16.07.2019
www.kafiye.net