ÇƏK GÖRÜM

Rəssam ,çağır təbiətin ruhunu
Hər gülünü ,çiçəyini çək ,görüm.
Aşıq sazın kökləyəndə qəm üstə,
Ruhanini, Dilqəmini çək, görüm,
Bacarırsan ,ürəyimi çək, görüm!

Çıçəkləri, güllü yazı çəkərsən,
İpək teli , qara gözü çəkərsən,
Bir sevdalı gözəl qızı çəkərsən,
Təmənnasız sevməyini çək, görüm,
Bacarırsan ürəyimi çək, görüm.

Mat qalmışam Yaradanın səbrinə,
Xitam verib bir cavanın ömrünə,
Şəhid atasının övlad qəbrinə
Çöküb ,ağı deməyini çək, görüm,
Bacarırsan ürəyimi çək, görüm!

Qara ilə qarışdırırsan ağı
Sən çəkmisən əsgərimin yanmağın,
Təkcə qolu basdırılan torpağı
Müqəddəs pir görməyimi çək, görüm,
Bacarırsan ürəyimi çək görüm!

Qədri yoxmuş çörəyimin-duzumun,
Kəsəri yox sohbətimin-sözümün,
Qəbrə girən ümidimi, arzumu,
Kəfən geyən diləyimi çək ,görüm
Bacarırsan ürəyimi çək, görüm!

Tənha Bulud dünyasında qəribdi,
Gülzar əkib, tikanları dəribdi
Bu dünyanın hər üzünü görübdü,
Ağlayaraq gülməyini çək, görüm
Bacarırsan ürəyimi çək görüm!

TAMARA RÜSTƏMOVA TƏNHA BULUD/ “Xəzinə-2 dən”
www.kafiye.net