DÜZƏLMİR

Sağdan vuran, soldan vuran çoxalıb,
Nişan alıb kürək busan azalmır.
Vurhavurda ürək yazıq yuxalıb…
Adam olan düzəlmir ki, düzəlmir!

Həyasızın baxmaq olmur üzünə,
Nadürüstdür, min rəng qatır sözünə,
Tüpürsən də duyub , bilib gözünə,
Adam olan düzəlmir ki, düzəlmir!

Həşirinə bir söz söylə qulaq as,
Bülbül kimi ötsün sənə min avaz,
Löhməlikdə özün sanır bir qəvvas,
Adam olan düzəlmir ki, düzəlmir!

Kələkbazdı, yükün tutub haramdan,
Bərkə düşsə ayə deyər qurandan,
Dağda durar, bəhs eləyər arandan,
Adam olan düzəlmir ki, düzəlmir!

Marığında cığır güdər , yol güdər,
Əziyyətsiz para güdər, pul güdər,
Qeyrət naqis, mürvət saxta, yox hünər,
Adam olan düzəlmir ki, düzəlmir!

Xarabdırsa adam olan mayadan,
Əxlaqında zərrə olmaz həyadan,
Ruhu miskin, xərac istər dünyadan,
Adam olan düzəlmir ki, düzəlmir!

Təvəkkül Goruslu. 17.06.2019.
www.kafiye.net