Deyirlər.

Dostlar,şeriyyatı duyub, qanandan,
Şairlər qoşmanı belə deyirlər.
Ehtiyat eləyib, qısqanc canandan,
Ən gözəl sözləri “gülə” deyirlər.

Demə bu yaşacan olmuşam naşı,
Yaman ağır imiş, fələyin daşı.
Əgər istəmirsən ağrıyan başı,
Sirrini sinəndə bələ,deyirlər.

Bilirəm dərdini mən də sizlərin,
Çaş biri olaydım, qələmsizlərin.
Ah-naləsi ilə vətənsizlərin,
Dönür göz yaşları selə,deyirlər.

Vallah,düz danışmaq indi hünərdi,
Güclü haqsız edir, haqq deyən mərdi.
İçində saxlasan çəkdiyin dərdi,
Əyəcək belini şələ, deyirlər.

Mən necə səbr edim, itibsə namus,
Torpağı əlimdən alıbsa kabus?
Dözməyib dinəndə, qışqırırlar, sus!,
Yığışdır özünü, lələ, deyirlər.

Sakit, qocalıram düz məzhəb ilə,
De, necə yazmayım, coşan təb ilə?
Vətən həsrətiylə, Vətən eşqiylə,
Ölən çox olacaq hələ, deyirlər.

 

Sakit Məmmədov
www.kafiye.net