Əziz dostlar, dünən Hacı Vahid dostum
mənə bir namə göndərib demişdi ki,
“Balasərdi” sözündən istifadə edib, heç olmasa,
Üçcə bəndlik bir təcnis yaza bilərsənmi?
Dedim ki, lap atasını da yandıraram. Amma
Bu işin içindın təxribat iyi gəlir)))). Mən
Elə bir adam tanımıram, əgər instident baş
versə, babalı sənin boynuna.

Balasərdi
(təcnis)

Hacı Vahid mənə sifariş etdi,
Dedi yaza bilsən, bax…Bal əsərdi…
İlham pərim, indi sən kömək et di,
Bu təcnisdə qafiyə Balasərdi.

Çoxa güc çatmadı, etdim azı ram,
Bəzən şeirimdə yolu azıram,
Oxuyanda bircə demə, a…zıram..
Cümlə işə bais, a bala , “sər”di.

Yaş dilini dodaqla sıx, quru yum,
Təsəllidən mənə yataq qur,- uyum,
Elə söz de ayaq üstə quruyum,
Heç kəs söyləməsin ki : – “Bala, sər di!”

Hər əsən meh ola bilməz küləy(k), ə.
Qanmazın başına olsun kül, əyə!
Vaxt var idi təbim dönüb küləyə,
Coşub qasırğatək “on Bal” əsərdi.

Susmaram etsələr lap tikə – tikə,
Xalq öyrəşib, gərək borc alıb, – tikə.
Kimisi tapmadı çörək bir tikə,
Kimisi cəmdəyin a, bala sərdi…

İmkanlısa, qaçır ata “Bal Ay”a,
Vahid! Sahib çıxmır ata, balaya…
Görərsən ilişsən, ata – balaya,
Səni ata yudu a, bala sərdi!

Sözlərinə əsil yazar rəng qatar,
Cibində biletin, gedibdir qatar,
Çingiz söz söylədi sənə bir qatar,
Dincəl indi sən də, a Balasər, di!

19.06.2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net