NƏSİHƏT

Bir ömür yaşadım incidən incə,
Bilmirəm nə olar daha qismətim.
Bu fani dünyadan getmədən öncə,
Vardır övladıma bir nəsihətim.

Elə otur dur ki, düşməsin ləkə,
Ömrünün tər-təmiz ağ varağına.
Yanacaq zənn edib, su tökməyəsən,
Evində alışan, gur çırağına.

Ehtiyatlı davran, qoru hər zaman,
Düşməndən ayağı, dostdan başını.
Elə daş atarlar etməzsən güman,
Ummadığın yerdə kəsər qarşını.

Heç zaman dilində bitirmə yalan,
Kök atıb, özünü salar cənginə.
Alim olsa da bil, yalançı olan,
Sonunda olmayır lazım heç kimə.

Həyat yollarının çalış hər zaman,
Halallıq, doğruluq olsun aynası.
Getməsin üstündən,getsə dünyadan,
Səni böyüdənin xeyir duası.

Qırılsa ümüdün, bitsə də güman,
Qarnın ac olsa da, olsun gözün tox.
Unutma əzizim, bil ki, hər zaman,
İt yala hürəyər, insan olan yox.

Cəmiyyətdə iti olsun sözlərin,
Dalı bıçaq olsun, qabağı xəncər.
Yara da işləməz bil ki, çox dərin,
Vaxtında önünü kəsərsən əgər.

Qoy bu sözlərim də yadında qalsın,
Heç zaman ağlama düşmən önündə.
Qoyma vicdanını nəfsin aparsın.
Tox görün məclisdə, toyda düyündə.

Tanrı əmanəti, bu el, bu ocaq,
Qoyma yurd yerimiz viranə qalsın,
Sıravi əsgər tək,and yerin ancaq,
Vətənin, bayrağın, Allahın olsun.

Müəlluf. Metanet Duyğulu.
23.05.2019
www.kafiye.net