Yaddaşımızdan 
(təkrar )

Hamımız narazıyıq zehnimizdən, yaddaşımızdan, 
İnternet sevgisi məhrum eləyib sirdaşımızdan.

Gör nələr bəxş eləyib, öz elmi ilə neyrocərrah,
Güzgüyə nəzər salıb, zövq alırıq göz-qaşımızdan.

Çox qulaqlar uzanır, dil lal olur danışmadıqca,
“Mesaj” atmaqla xəbər, çün tuturuq soydaşımızdan.

Çox beyinlər daşa dönmüş, düşübdür çox başa daşlar,
Gər davam etsə belə, xaş yeyərik öz başımızdan.

“Milli mətbəx” baxımından, xörəklər şahı plovdur,
Məclisə sonda gəlirsə, yemir heç kəs aşımızdan.

Sifarişlə çalınır əl, görünən anda müğənni,
Arxadan “gəlir fanaqram”, duyuruq “bozbaşımız”dan.

Yengə istefa verincə, adı arxivlərə düşdü,
Gəlinin bilgisi çox, – soldışımız, sağdışımızdan.

Böyük imkan yaradıb, ağlamaq üçün seriallar,
Yaranardı bir dəniz, cəmləsələr, göz yaşımızdan.

Efirdə bir müğənni, alimə meydan oxuyursa,
Niyə yoxdu bir şikayət, “aparıcı-naşımız”dan ?

Bir cinayət işini təqdim edirlər elə tərzdə,
Sanki örnək olacaq cəmiyyətə, əyyaşımızdan.

Bezdirib əcnəbi quşlar, bizi öz “quş qripi”ylə,
Uçub Dubay tərəfə, yoxdu xəbər, öz “quşumuz”dan.

Ümumi dərdimizi izhar üçün, məncə lüzum yox,
Yaramız var Qarabağ boyda, çıxarmı huşumuzdan?…

Çingizin söylədiyi Doğma Vətən anlamı bizdə,
Asılı olmamalı mövqeyimizdən, yaşımızdan.

Çingiz Kürdəmirli
www.kafiye.net