Gəlin danışmayaq

Gəlin danışmayaq hamımız susaq,
Deyək nəyimizə lazımdır axı.
Kimin mələyinə pozğun dedilər,
Qonşum çörək tapmır ac, susuz yatır.

Yumaq gözümüzü desinlər kordur.
Hər şeyi görməzdən gələk, yan keçək.
Ağa qara yaxaq, qaraya ağı 
Bizə nə lazımdır rəngi düz seçək.

Çəkilək hərəmiz öz qınımıza.
Hər kəs ayaqlasın haqq sayımızı.
Bizə lazım deyil biz istəmirik,
Danışıb qoruyaq haqq payımızı.

Yıxılan görəndə ötüb, düz gedək.
Bizə uzadılan əli tutmayaq.
Bizə nə lazımdır kim acı çəkir,
Onunçün yatmayaq biz oyaq qalaq.

Gəlin danışmayaq hamımız susaq .
Desinlər lal olub bu xalq, bu millət.
Qoyun hücum çəkib bizi məhv etsin ,
Bizi məngənə tək sıxan cəhalət .

15.04.2019 Nahidə Tagiyeva Qurbanova
www.kafiye.net