ŞƏHİD VƏ ANASI
/şehidin dilinden/

Ağlama, ay ana, qurbanın olum,
Oğlun ucalıbdı Şəhid adına.
Tək bir göz yaşına dözə bilmirəm,
Bilmirəm mən necə çatım dadına.

Vətəni sevdirib, mənə demişdin,
Vətənçün fədakar olmaq gərəkdir.
Indi unutmusan, göz yaşın durmur,
Ağlama, ana can, bu bir şərəfdir.

Daha çox düşməni məhv edəcəkdim,
Bu yolu könüllü özüm seçmişdim.
Xocalı zülmünə qisas almağa,
Göz dağı verməyə mən and içmişdim.

Hələ Qarabağım gözləyir bizi,
Bu ad yaddaşların əbədi rəsmi.
Ağlama, ana can, belə düşün ki,
Oğlun ölməyibdir, getsə də cismi.

Şəhid anasısan məğrur dayan sən,
Fəxr elə oğlunla, bu bir zinətdir.
Vətənçün, torpaqçün ölən hər kəsə,
Əbədi mükafat -yeri cənnətdir.

Seadet Qerib Rzayeva
www.kafiye.net