Məndən yana darıxsan

Məndən yana darıxsan,
Üzün dağlara tut sən.
Görüb məni orada,
Dərdi-qəmi unut sən.

Hər daş,hər daş dibində
Görəcəksən izimi.
Bəlkə,səksənəcəksən,
Qəfil duyub səsimi…

Məndən yana darıxsan,
Seyr et çölü-çəməni.
Dindir gülü-çiçəyi,
Sor onlardan sən məni.

Deyər mənim yerimi
Bənövşələr,lalələr.
Mənim gözyaşlarımdı
Güllər üstə jalələr.

Məndən yana darıxsan,
Dal göylərin seyrinə.
Dolan,gəz ulduzları,
Bundan gözəl qeyri nə?!

Dolan,gəz ulduzları,
Unutma gəl,birin də.
Axır,məni taparsan,
Sən onların birində…

Yeri-göyü qarğıma,
Yandırarsan,qarğısan.
Yandır Simurğ tükünü,
Məndən yana darıxsan.

Məzahir İsgəndər
www.kafiye.net