MƏN DEYƏN DÜNYA

Mən sənə etmərəm heç vaxt etibar,
Ey dünya aldada bilməzsən məni.
Bizim qarşılıqlı hisslərimiz var,
Sən məni sevmirsən mən də ki, səni.

Mən səndən qorxmuram çox üzlü dünya,
Hər gün tüfürürəm üzünə sənin.
Sən hey ayağımdan çəkirsən amma,
Ayağım girirmi gözünə sənin?

Mən özüm özümü yıxmasam əgər,
Sən məni heç zaman yıxa bilməzsən.
Özüm öz sonuma çıxmasam əgər,
Sən mənim sonuma çıxa bilməzsən.

Eybi yox, sıx mənim qəlbimi hələ,
Unutma bir gün sən sıxılacaqsan.
Ruhum əbədidir mən ölsəm belə,
Amma sən sonunda yox olacaqsan.

O zaman, Kərimi sənə güləcək,
Əxlaqsız qadına bənzəyən dünya.
Rəbbim söz veribdir mütləq gələcək,
Mənim gözlədiyim mən deyən dünya.

Müəllif: Yaqub Kərimi
www.kafiye.net