Bu,bir Vətən harayıdı,a qardaş,
De,hardasan,ey vətənsiz vətəndaş?

V Ə T Ə N H A R A Y I

Vətən oldum,vətəndaşım olmadı,
Anam,bacım,nə qardaşım olmadı,
Dostum,yarım,nə yoldaşım olmadı,
Yad əllərdə yad qoxlayan güləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Vətən oldum məni çalıb-çapana,
Vətən oldum məni alıb-satana,
Allah,qalıb mən utana-utana,
Sönüb odum-ocağım da,küləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Qəvi yağı at oynatdı başımda,
Yandım!..Yandım!..Alovlandı yaşım da,
Torbalandım,qalmadı bir daşım da,
Saza siməm,kamana da teləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Yağmalandım,həsrət qaldım samana,
Çəkilmədi yağmalayan divana,
Min dağlanıb,olub dəli-divanə,
Nəğmə deyil,ağı deyən diləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Diləmədim əlac yaddan,namərddən,
Səs gəlmədi nə qeyrətdən,nə mərddən,
Belimə yüklənən dağ boyda dərddən
Sındı qəddi-qamətim də,şiləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Allah!..Allah,kimə oldum mən vətən?
Boğmalandım,saçım yoldum mən vətən,
Hər anı min ömrə,min əsrə yetən
Qərinəyəm,ayam,günəm,iləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Qor qalmadı OD olan OD adımdan,
Çıxardım OD adımı da yadımdan,
Ərşə çıxan fəryadımdan-dadımdan
Çağlamışam,gözyaşımla seləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Odum,közüm,ad yaddaşım,hardasan?
Anam,bacım,qan qardaşım,hardasan?
Oğlum,qızım,vətəndaşım,hardasan?
Əl yetmədi,gözyaşımı siləm mən,
Varam deyib,necə deyib-güləm mən?

Məzahir İsgəndər
www.kafiye.net