HƏSƏD. Roman ( 71 )

Arzu gecəni çox narahat yatdı. Başında dolanan qeyri – müəyyən fikirlər, sonsuz sual – cavablar onu rahat buraxmırdı. Yatağında o tərəf – bu tərəfə çevrilir, vurnuxur, arabir köks ötürürdü.
Gözlərini yuman kimi xəyalında Çingizin surəti canlanırdı.Hündür boyu, şux qaməti, İtibaxışlı dərin , mənalı gözləri, əlləri ilə tez – tez sığal çəkdiyi , dəblə vurulmuş qalın qara saçları, üzünə xüsusi yaraşıq verən təbəssümü, özünəməxsus səs ahəngi, danışıq tərzi…
-Arzu…Arzu…səndən nə əcəb…, – Zəhranın pıçıltısı eşidildi, – heç bu vaxta qədər yatıb qalan deyildin.
-Nə? Nə olub?, – Arzu eyni pıçıltı ilə cavab verdi,xəstə adamlar kimi zorla gözlərini açıb ətrafa nəzər saldı, – saat neçədir?
-Qalx qızım, gecdir. İşə gecikərsən. Mən də sənə arxayın olub, yatıb qalmışam.
Arzu cəld yataqdan qalxıb saata baxdı. Aman Allah! İşin başlamasına bir neçə dəqiqə qalırdı! Arzu isə…yatıb yuxuya qalmışdı…həyatında ilk dəfə !
Çaşbaş qaldığından nə edəcəyini bilmədi. Gah əl – üzünü yumağa, gah da çay süfrəsi hazırlamaq üçün mətbəxə qaçdı. 
-Sakit ol, – Zəhra qızının həyəcanla o tərəf – bu tərəfə vurnuxduğunu görüb astadan dilləndi, – çay hazırdır, az da olsa çay iç, çörək ye.
-Narahat olma ana, – Arzu cəld əl – üzünü yuyub quruladı. Aclığım yoxdur, çayı işdə də içə bilərəm, – tələsik geyinib çantasını götürdü, – təki işə gecikməyim.Çingiz müəllim…, – anasının gözlərinə baxdı.Cümləsini tamamlamadan, qaçaraq evdən çıxıb, pillələri endi.
Dayanacağa qədər sürətlə addımlayır, nə işıqfora, nə də maşınların aramsız siqnallarına əhəmiyyət vermir, özünü yaxınlaşmaqda olan avtobusa çatdırmağa çalışırdı.
Hər gün işçilərini şirkətin girəcəyində hörmətlə qarşılayıb salamlayan Çingiz şöbənin qızları arasında Arzunu görməyib təəccübləndi. Adətən o, işə hamıdan tez gələr, şöbəni səliqəyə salardı.
Bəs…bəs nə olmuşdu? Arzu niyə gözə dəymirdi?Maraqlıdır…
İşin başladığını bildirən zəng səsi tezliklə işçiləri şöbəyə yığdı.Hərə öz masasının arxasına keçib işi ilə məşğul olmağa başladı. Arzu…Arzu isə hələ də görünmürdü…
Çingiz narahat olmağa başladı. Ağlına cürbəcür fikirlər gəldi “ Görəsən nə hadisə baş verib? Bəlkə …avtobus yolda xarab olub? Bəlkə…, – dodağını çeynədi, – ufff! Məsələni tezləşdirmək lazımdır ! Özümlə gedib- gəlsə arxayın olaram”.
Avtobusdan tələsik düşüb şirkətə tərəf qaçan Arzu , Çingizin darvaza ağzında narahat tərzdə o tərəf – bu tərəfə addımladığını görüb duruxdu. Özlüyündə “ Ya Rəbbim , mənə kömək ol !” düşündü, – Mənə güc- qüvvət ver. Nə olar, Çingizin mənə acığı tutmasın. Mənə qəzəblənməsin…
-Arzu ! , – Çingiz onu görcək ucadan səsləndi, – Arzu!
-Bağışlayın , Çingiz müəllim, – qızın gözləri doldu, – təsadüfən belə oldu, bir də təkrarlanmaz.
-Arzu!, – Çingizin səsi bir qədər də yüksəldi.
-Mən…mən…, – başını aşağı saldı, – mən məsuliyyətsiz deyiləm. Sadəcə, – səsi titrədi, – sadəcə…
-Arzu!, – Çingiz onun soyuq, titrək əllərini ovcuna aldı, – məni…nigaran qoydun, Arzu! Ağlıma daha nələr gəlmədi! Niyə belə etdin?
-Mən…, – Arzu istəməsə də, əllərini Çingizin ovcundan çıxarmağa çalışdı.
Cəhdi boşa çıxdı. Çingiz o əlləri çox möhkəm sıxmışdı, buraxmaq fikri də yox idi.
Qız özünü itirib baxışlarını kənara çəkdi. Göz yaşlarını Çingiz görməsin deyə başını azacıq qaldırdı. 
Elə bu zaman gözü pəncərədən, tül pərdə arxasından onlara baxan Könülə sataşdı. Özünü toplayıb astadan:
-Bizə baxanlar var, – dedi.
-Olsun! Qoy baxsınlar! Bizim kimdənsə gizlədiləsi heç bir işimiz yoxdur!, – Çingiz qətiyyətlə cavab verdi. 
Başını çevirib, pəncərəyə tərəf baxdı:
-Yaxşı, qalx şöbəyə, rahatlan, – dedi, – bu gün işdən sonra səni dənizkənarı bulvara aparacağam. Çox bəyəndiyim bir kafedə əyləşib söhbət edərik, – sakitcə qulağına pıçıldadı, – sənə deyəcəklərim var!
-Elə…elə mənim də sənə…sizə…deyəcəklərim var, – Arzu ürəkləndi, – özü də…özü də çox vacib…
-Danışdıq. Qalx şöbəyə.
Arzu onun gözlərinə baxıb dərindən nəfəs aldı. O baxışlar nə qədər saf , nə qədər təmiz idi! Arzu o gözlərin dərinliyində batmaq, əbədi olaraq orada yuva qurub məskunlaşmaq istəyirdi. Fırtınasız, təlatümsüz bir dəryanın dərinliyində olduğu kimi…
Şöbənin qapısında görünər – görünməz Könülün qəzəbli baxışları, kinli siması ilə rastlaşdı.
-Anlamadım!, – qız kükrədi, – Bu nə vaxtın işə gəlməyidir? Niyə şöbənin daxili qanunlarını pozursunuz? Özünüzü harada hiss edirsiniz ? Şirkət sizinçün oyun – oyuncaq deyil!
-Mən…, – Arzu özünü itirdi, – mən…
-Sən!…Sən …şöbənin nüfuzuna xələl gətirirsən! Sən…
-Nə hadisə baş verib?, – Çingiz şöbənin qapısında göründü.
-E…eee…, – Könül çaşbaş qaldı, – h…heç…Arzu…Arzu xanım…
-Səsiniz aşağı mərtəbəyə gəlir ! , – Çingiz ciddi görkəm aldı, – Arzu xanım…bu gündən bu şöbənin müdir müavinidir. Biz aşağıda onunla bəzi məsələləri müzakirə edirdik. Şöbəyə nə vaxt gəlib, nə vaxt gedəcəyinə də şəxsən mən özüm nəzarət edəcəyəm! Anlaşıldı?
-Bəli, – Könülün səsi güclə eşidildi, – anladım.
-Çox gözəl! Yəqin ki, qızlarımız da yeni qərarla razılaşarlar., – deyib, Çingiz heyrətdən böyümüş gözləri ilə ilə gah Arzuya, gah da Könülə baxan işçilərə müraciət etdi, – etirazınız yoxdur ki?
Səs çıxmadığını görüb gülümsədi:
-Sükut razılıq əlamətidir. Çox gözəl! Arzu xanım, şöbənin işlərini Könül xanımdan təhvil alın və işə başlayın.
Cavab gözləməyib otaqdan çıxdı.
Hadisələrin gedişindən heç bir şey anlamayan qızların donuq baxışları Arzuya tuşlandı. 
Qız otağın mərkəzində heykəl kimi hərəkətsiz qalmışdı. Çantasını qucaqlayıb işçilərə baxır, eşitdiklərini anlamağa çalışırdı.
-Arzu xanım, sizi təbrik edirik!, – qızlardan biri dilləndi. Yeni təyinatınız mübarək!
-Mən də təbrik edirəm!
-Mən də!, – qızlar yerbəyerdən dilləndilər, – xeyirli, uğurlu olsun!
Könül bir söz deməyib ayağa qalxdı. Siyirmədəki qovluqları bir – bir çıxarıb acıqla masanın üstünə çırpdı.Özünə aid olan bütün əşyalarını yığıb bir tərəfə qoydu.
Qəzəblə Arzunu süzüb, yel kimi otaqdan çıxdı. Pillələri enib, açıq qapıdan içəri keçdi. Ona əhəmiyyət verməyib , işi ilə məşğul olan katibəyə yaxınlaşdı.
-Müdirin yanında adam var, – katibə dilləndi.
-Mənə kağız – qələm verin!
-Məgər şöbədə yoxdur ki?, – katibə təəccübləndi.
-Mən…işdən azad olmağımla əlaqədar ərizə yazmaq istəyirəm. Bunu…şöbədə etmək istəmədim.
-Necə?…
-Mən öz ərizəmlə işdən çıxıram!, – qızın gözlərindən sanki qığılcım çıxdı.İndi şöbə daha etibarlı əllərdədir! O əllərdə ki…
-Sakit olun, – katibə onu sakitləşdirməyə çalışdı, – həyəcanlanmayın. Çingiz müəllimin yanında başqa şirkətlərin nümayəndələri var.
-Olsun! İndi bunlar mənə maraqlı deyil! Mənə ümumiyyətlə heç nə maraqlı deyil!, – qız səsini bir qədər də qaldırdı, – anladınız? O siz , o da sizin şirkətiniz! Haqq – ədalət deyilən bir şey yoxdur! İndi zamanə elələrinindir! Elələri daha tez irəli gedir! Bəxtləri yeyin olur! 
-Asta danışın, – katibə Çingizin qapısına işarə etdi, – qonaqlar var. Əyləşin, – stəkana su süzüb ona uzatdı.
Könül katibənin əlini itələdi:
-Suyu özünüz için! Yanğısı olanlar içsin! , – daha ucadan çığırdı, – Qədir – qiymət bilməyənlər içsin!
Katibə daxili telefonun işığının yandığını görüb, cəld dəstəyi qaldırdı.
-Nə səsdir?, – Çingizin səsi eşidildi.
-H..heç…, – katibə kəkələdi, – Könül xanımdır. İşdən azad olunması ilə bağlı müraciət etmək istəyir.
-Deyin təcili şöbəyə qayıtsın. Nahardan sonra onu qəbul edəcəyəm.
-Baş üstə, – deyib katibə dəstəyi yerinə qoydu, – eşitdiniz?
-Eşitdim, – Könül özünü ələ almağa çalışdı, – bu gün mənim…şöbədə sonuncu iş günümdür, – deyib sakitcə otağı tərk etdi. 

ARDI VAR

Gövher Rüstemova
www.kafiye.net