HƏSƏD. Roman(70)

Arzu yenidən üzünə süni təbəssüm verdi.Birlikdə mətbəxə keçdilər.Hər şey qabaqcadan hazırlanmışdı, təkcə onları masaya vermək lazım idi.
-Niyə bu qədər zəhmət çəkmisiniz?, – Arzu heyrətini gizlətmədi, – bir növ yemək olsaydı, bəs edəcəkdi.
-Heç bir zəhməti yoxdur, – Xavər qızı qucaqladı, – gör bizə kimlər gəlib!, – ətrafa baxdı, – əslində mənim bu evdə elə də çox işim olmur. Yaş özünü göstərir, – gülümsədi, – bu böyüklükdə evin səliqə – sahmanı artıq mənim hünərim deyil. Köməkçilərim var, evin bütün səliqə işlərinə onlar nəzarət edirlər.Təkcə yemək bişirməkdən savayı. Ta gəncliyimdən bu yana başqasının bişirdiyi yeməyi yeyə bilmirəm. Yoldaşım, oğlum da həmçinin.Əvvəldən mənim əlimin duzuna öyrəşiblər.Hə,- mətbəx masasına səliqə ilə düzülmüş, üzərinə bəmbəyaz örtük çəkilmış qabları göstərdi, – əvvəlcə süfrəyə bu soyuq qəlyanaltıları verəcəyik.Ardından isə, isti yeməkləri ardıcıllıqla sənə ötürəcəyəm. Necə fikirdir?, – gülümsədi.
Arzu sanki yuxuda idi. Bir anlığa özünü möcüzələr aləminə düşmüş nağıl qəhrəmanına bənzətdi.
Keçirdiyi hisslər Xəvərin gözündən yayınmırdı.
Çox keçmədi ki, yemək süfrəsi də hazır oldu. Kənardan hər şeyi müşahidə edən Zəhranın daxilində bir narahatlıq vardı. Həmişə yad evdə başqalarının qulluğunda dayanan qadın indi özünü xanım qismində görə bilmirdi.
Xavər qonaqlarının rahatlığı üçün əlindən gələni edir, qulluqlarında dayanır, hazırladığı növbənöv yeməkləri sevgi ilə, zövqlə süfrəyə düzürdü.Hərdənbir, yemək arası maraqlı söhbətlər də edirdi:
-Yoldaşım bir neçə gündən sonra vətənə dönəcək. Hər gün mənimlə, oğlu ilə telefonla danışsa da, darıxır. Aləm cənnət olsa da, vətən elə vətəndir. Harada olursan ol, gözün arxada qalır, öz dilində söz eşitmək, tanış simalarla görüşmək istəyirsən. Dədə – baba torpağının yerini heç nə verə bilməz.
-Niyə ki, – Sevil qəfildən dilləndi, – məncə insan üçün harada yaşamaq xoşdursa, günü harada xoş keçirsə, elə ora da onun vətənidir.
Zəhra masanın altında ayağını yavaşca qızının ayağına toxundurdu.
-Nədir ? , – qız ağzındakı tikəni uddu, – düz demirəm? Şəxsən mən belə düşünürəm.
-Çünki hələ gəncsən, – Xavər əhvalını pozmadı, – həyatın bərkinə – boşuna düşməmisən. Yaşa dolduqca özün də dərk edəcəksən ki, yad torpaqdan insana vətən, özgələrdən isə doğma ola bilməz, – sözünə ara verdi, – İllərlə xarici dövlətlərdə yaşasam da, fikrim öz elimdə – obamda olub, gözüm elə hey yol çəkib, tanış adamlarımı, doğmalarımı axtarıb.
-Elədir, – Zəhra onun dediklərini təsdiqlədi, – qəribçilik çətin məsələdir.
-Yoldaşınız nə işlə məşğuldur ki?, – Sevil söhbəti dəyişmək fikrinə düşdü, – səfirdirmi?
-Yox, – Xavər gülümsədi, – yoldaşım illərdir ki, xarici şirkətlərlə iş birliyi qurub.
-Bəs oğlunuz?
-Oğlum…oğlum da çox bacarıqlı gəncdir,- sözünə ara verdi, – bircə arzumuz var, onu xoşbəxt görmək! Allah saxlamışı nə qədər çalışırıq, evləndirə bilmirik, – gözucu Arzuya baxdı, – ipə – sapa yatmır ki, yatmır. Deyir, mənim ailə quracağım qız qeyri – adi olmalıdır, heç kimə bənzəməməlidir.
-Düz deyir, – Sevil dilləndi, – adi insanlar maraqlı deyil , – bacısına baxdı, – beyinlərində işdən, evdən savayı heç nə yoxdur.
Onun eyhamını başa düşən Xavər gülümsədi:
-Əslində oğlum başqa şeyləri nəzərdə tutur.Hə, indi isə sizə daha bir neçə yemək də təklif edəcəyəm, – deyib ehmalca ayağa qalxdı, mətbəxə tərəf getdi.
-Sən bir az dilini dinc qoy, başqa evdəsən, – Zəhra pıçıltı ilə Sevilə təpindi, -öz fəlsəfi fikirlərini sonraya saxla.
-Nə dedim ki?, – Sevil qaşlarını çatdı, – mənim məgər öz fikrimi söyləməyə haqqım çatmır? Elə hər yerdə eyni şey; nə deyirəmsə, ağzımdan vurursunuz.
-Hə , indi də şah yeməyimizin dadına baxın, – Xavər əlindəki iri qabda buğlanan plovu süfrəyə qoydu, – bizimkilərin ən çox sevdiyi yeməkdir.
Arzu cəld mətbəxə keçib, süfrəyə veriləcək digər qabları da ardıcıllıqla otağa gətirdi. 
Xavər süfrəyə bir də nəzər salıb, arxayın olduqdan sonra stulu çəkib əyləşdi:
-İştahla yeyin, – Zəhraya, qızlara yemək çəkə – çəkə söhbətinə davam etdi – qarşıdakı üçotaqlı mənzili oğlum üçün nəzərdə tutmuşuq.Təmiri bu günlərdə başa çatıb. Oğlum öz evini öz istədiyi kimi düzüb – qurmaq istəyir. Biz də onu dəstəkləyirik. Özləri yaşayacaqlar , qoy hər şey ürəkləricə olsun, – sözünə ara verdi, – Nə qədər olmaya, gənclərə sərbəstlik lazımdır. Yaşlılarla cavanlarınkı tutmur. Qərara gəldik ki, elə öz mərtəbəmizdə, lakin ayrı mənzildə yaşasınlar. Həm də gözümüzün qarşısında olsunlar. Biz də nəvə görək, nəvə oynadaq.
-Çox gözəl düşünmüsünüz, – Sevil yenidən söhbətə qarışdı, – əlbəttə gənclər ayrı yaşamalıdırlar.Yəni, öz həyatlarını öz istədikləri kimi.
-Həm də, ata – anaya yaxın olsunlar, – Xavər düzəliş etdi, – yaşlılardan cavanlara xətər toxunmaz.
-Bəs toyu nə vaxta saxlamısınız?, – Sevil fürsəti əldən vermədi.
-Oğlumdan asılıdır. Deyəsən buz əriməyə başlayıb, – Xavər gülümsədi, – bəyəndiyimiz biri var. Əsl biz deyəndir. Yoldaşımın gəlişini gözləyirik. Mətləbi ona danışıb izah etdikdən sonra yəqin ki, addım atarıq.
-Lap yaxşı, – Sevil qayğılı görkəm aldı, – yəqin ki…qız öz çevrənizdəndir ; zəngin…
-Biz insanların daxili zənginliyini qiymətləndiririk qızım, – Xavər onun sözünü kəsdi, – maddi zənginlik bu gün var, sabah yox. 
-Yəni…
-Yəni ən kasıb, imkansız bir ailənin mənən zəngin qızı bu evin gəlini ola bilər.
-Maraqlıdır…
-Allah oğlunuzu xoşbəxt eləsin Xavər xanım, – Zəhra dilləndi, – təki hər şey öz ürəyinizə , könlünüzə görə olsun.Ata – anaya ondan savayı nə lazımdır?
-Elədir, – Xavər təsdiqlədi, – Allah bütün subaylarımızı xoşbəxt eləsin.Bizim övladlarımız da onların içində.
Beləcə xeyli söhbət etdilər. Artıq axşama doğru gedirdi, hava qaralmağa başlayırdı. 
Xavər nə qədər təkid etsə də, Zəhra ondan evə dönməkləri üçün izn istədi:
-Siz də dincəlin, – dedi, – çox zəhmət çəkmisiniz. Biz də evə gedək, sabah səhər yenə də iş günümüzdür. Sevilin də sonuncu imtahanıdır.Ziyafətə görə çox sağ olun. Evinizdə həmişə xeyirli məclislər qurulsun, qapınız xeyirlərə açılsın!
Qol – boyun olub öpüşdülər. 
Xavər onları həyədəki avtomobilə qədər ötürdü. Sürücü isə qısa zamanda evlərinə çatdırdı.
Xəvərgildən çox böyük təəssüratlarla ayrılan Arzunun daxilində bir – biri ilə çarpışan iki hiss baş qaldırmışdı. Qız onlardan birinin digərinə güzəşt etməyəcəyini də anlayırdı. 
-Qızım , – yan otaqdan Zəhranın səsi eşidildi, – qonaqlıq xoşuna gəldimi?
“ Aman Allah! Anam elə bil ürəyimi oxuyur!” Arzu özlüyündə düşündü.
-Əlbəttə, – özünü razı göstərməyə çalışdı, – Xavər xanımdan ancaq yaxşılıqlar görmək mümkündür. Ürəyi – qəlbi geniş insandır. 
-Həm də…, – Sevilin səsi eşidildi, – subay oğluna qız axtarır.
-O öz işləridir, – Arzu özünü biganə göstərməyə çalışdı, – həm də ki…dediyinə görə artıq tapıblar.
-Hə, – Sevil otağa keçib bacısının gözlərinə baxdı, – özü də…imkansız, kasıb…birini.
-Nə olsun ki?, – Arzu pörtdü, – kasıbın da xöşbəxt olmaq haqqı var.Bir də ki, ondan bizə nə? Təki xoşbəxt olsunlar.
-Hmmm, – Sevil bic – bic gülümsədi, – demək…
-Nə demək?, – Arzu ciddi görkəm aldı, – başqasının həyatını müzakirə etmək lazım deyil.
-Biz başqasından danışmırıq ki…Özümüzün…
-Sevil!, – Arzu səsini qaldırdı. Anasının nədənsə duyuq düşəcəyindən ehtiyatlanıb, başı ilə bacısına yataq otağına keçməsini işarə etdi.
Otağa daxil olan kimi Sevil kükrədi:
-Bura bax, özünü nə naza qoymusan? Onlardan artıq adama rast gələcəksən? O evdən artıq evə düşəcəksən? Hə ? Səndən soruşuram! Başqa vaxt “ Xavər xanım” deyib dil – boğaza qoymursan.İndi nə oldu? Elə qəm dəryasına qərq olmusan ki, elə bil gəmilərin batıb.
-Əvvəla, Xavər xanım mənim əzizimdir, buna heç şübhən olmasın, – Arzu bacardığı qədər sakit danışmağa çalışdı, – və…konkret oğlu üçün də məni istədiyini dilə gətirmədi, – fikrə getdi, – həm də…o qızı Xavər xanımın oğlu da bəyənib, – gözləri güldü, – burdan belə məlum olur ki…o qız mən deyiləm.
-Ufff! Sənin avamlığın adamı lap hövsələdən çıxarır!, – Sevil yenidən coşdu, – ay qız, məgər onun oğlu səni görüb- bəyənə bilməz?
-Harda?Mənim getdiyim yer iş, gədiyim yer evdir.
-Məsələn…yolda, avtobusda…amma yox, belələri avtobusla yol getmir. Dayan görək…fikrimi çaşdırdın. Əşi , hər harda. Razılıq ver vəssalam. Belə şans həmişə ələ düşmür! Get öz zəngin həyatını yaşa! Bəh – bəh özü də ayrıca mənzil, təmirli, qurulu. Bahalı avtomobildə gəz, istədiyini ye, geyin – keçin, bəzən – düzən.İnsana daha nə lazımdır?
-Çox şey!, – Arzu qətiyyətlə cavab verdi, – sevgi, istək, qarşılıqlı hörmət.
-Olsun da, – Sevil təəccüblə bacısına baxdı, – mən sadaladıqlarım olandan sonra sevgi də olacaq, istək də.
-Olmayacaq. İstək daxildən gələn bir hissdir, nə satılmır, nə də alınmır.Bir də ki…ananın sifarişi ilə ailə quranları …anlamıram. 
-Sifarişlə deyil. Eşitmədin? Xavər xanım dedi ki, oğlu qeyri – adi, heç kimə bənzəməyən bir qızla evlənmək istəyir.
-Elə isə…o , dəqiq mən deyiləm, – Arzu gülümsədi, – sənin bacın adi qızdır.
-Bilirəm bunlar nədən ötrüdür, – Sevil gözlərini qıydı, – sənin fikrin…o müdirinin yanındadır.
Araya sükut çökdü.
-Sənin avamlığın adamı hövsələdən çıxarır. Nağdı qoyub nisyə dalınca niyə qaçırsan?
-Nagd hansıdır, nisyə hansı?
-İndi izah edərəm. Bax, Xavər xanımı çox istəyirsən, eləmi?
-Elədir. Lap çox.
-Aha! O da səni öz balası bilir. Evimizə gəlib hər şəraitimizi görüb, qəbul edib.Kasıblığın, imkansızlığın onun üçün heç bir rol oynamır. 
-Hə.
-Hə. Ardına qulaq as. Sənin o müdirin isə…nə yuvanın quşudur, bilinmir. Səninlə nə məqsədlə evlənmək istədiyi məlum deyil. Ev – eşiyimizdən, ac – yalavaclığımızan da bixəbərdir. Təsəvvür et, bu evə , ailyə gəlsə nələr baş verə bilər!? Yaxşı, tutaq ki, özü səni qəbul etdi. Bəs ailəsi? Qəbul edəcəkmi? Ocağının yuxarı başına keçirəcəkmi? Məqam tapdıqca, yetimliyini, kasıblığını başına qaxanc etməyəcəkmi? Bəlkə bunları da düşünəsən?!, – qısa ara verdi, – indi özün bax gör nağd hansıdır, nisyə hansı.
-Dediklərində həqiqət var, mübahisə etməyəcəyəm, – Arzunun gözləri doldu, – amma…ürəyə zor yoxdur. Mən…Xavər xanımın oğlunun heç üzünü də görməmişəm. Kimdir, nəçidir , bilmirəm. Sevgisiz, istəksiz yaşamaq olarmı? Hansı zamanədir?
-Niyə olmur. Yadındadır, nənəmiz danışardı ki, qızlar öz ərlərini toy günü görüb tanıyardılar.
-Nənələrimizin vaxtı deyil. Yox, bacı, – Arzu qətiyyətlə cavab verdi, – mən yalnız öz seçdiyimlə xoşbəxt ola bilərəm. Dürüstlük olan yerdə kasıblıq eyib deyil. Qoy məni necə varamsa, eləcə də qəbul etsin. Mənim səadətim yalnız onun əlindədir! Çingizin! Mən bütün varlığımla ona aidəm! Yalnız ona! Bu yoldan məni heç kim döndərə bilməz! Günü sabah hər şeyi açıb ona danışacağam…Qərar onundur! Ya həyatımızı bir – birimizə etibar edəcəyik, ya da…onun sevgisini ürəyimdə birdəfəlik…dəfn edəcəyəm!.

ARDI VAR

Gövher Rüstemova
www.kafiye.net