Kəssə hər kəs tökülən qan izini

Qurtaran dahi odur yer üzünü
H.CAVİD
—————

A L L A H A M Ü R A C İ Ə T

Bu necə zəmanə,nə dövran,Allah?
Seyr edib aləmi, çəkir dağ da ah.
Zülmünü at edib,minib,çapır şər,
Haqqa yox,İblisə tanınır bəşər.
Fəlakət!..İnsanın beyni qurumuş,
Sən insan yaratdın,insanlıq buymuş?!
Fəlakət!..Fəlakət!..İnsan olub kor,
Şeytandan,İblisdən insandı nankor!
Fəlakət!..Fünyanın sonumu,ey vah!
Nələrə qadirmiş bu insan,Allah?!
Xəyanət,xəbislik hər yanı sarmış,
Üzdə insan olan içdə şeytanmış.
Edib şər insanı insanlığından,
İnsan insan yeyir küstahlığından.
İnsan da insanı alıb-satarmış,
İnsanın nə qədər sifəti varmış?
İşə bax,düşünüb,zikr edir İblis,
Görüb də insanı özündən pismiş.
İnsanın insana yolun edib dar,
İnsanın özündən böyük günahlar.
Dəhşət bu!..Vəhşət bu!..Cıxıb qan dizə,
Zülmətlər pərdəsin çəkib gündüzə.
Axıb da gurlayır günahsız qanlar,
İçir təşnə-təşnə onu insanlar.
O buna,bu ona edib ədavət,
Üzür öz qanında bu bəşəriyyət.
Nə insaf qalıbdı,nə də ki qeyrət,
Namusdan,şərəfdən öndədi sərvət.
Cəhənnəm yaradıb mənəm-mənəmlik,
Qalmayıb insanda ləyaqət,mənlik.
Nalələr,fəryadlar göylərə dolmuş,
Güllər qönçə-qönçə kolunda solmuş.
Dağların sinəsi olubdu çat-çat,
Vəhşilər insana baxıb,qalıb mat.
Bəs hanı sədaqət,bəs vəfa,ilqar?
İnsanı tərk edib ədalət, vüqar.
Söndümü insana tanrı vergisi-
İnsanın insana eşqi,sevgisi?
Bumu yaratdığın,qurduğun insan?
Cavab ver,axı Sən tək Yaradansan!
Sənə xəyanəti İblisin etmiş,
İnsanlar əməldə İblisi keçmiş.
O qədər böyük ki insan günahı,
Yaranıb İblisdə cənnət tamahı.
Sən sevdin insanı İblisdən uca,
İnsanı insan et,insan olunca!
Səni and verirəm Böyük Adına,
Sal insanın insanlığın yadına.
İnsana xas olsun qoy insaniyyət,
Rəbbim,Sən insanı içindən titrət!

Məzahir İsgəndər
www.kafiye.net