BİLƏYDİM

El! Oba! Gedirəm can pərişandı
Kaş, bir də qayıdıb dönə biləydim.
Dağlar yamacında, bulaq başında
Zəngulə qaldırıb, dinə biləydim.

Örtəydi, gül – çiçək çöldə qurşağı,
Özünə çəkəydi, Xram qovşağı.
Qırçın qayalardan üzü aşağı
Büdrəyə – büdrəyə enə biləydim.

Ayrılan qovrular hey için – için,
Payızdı, cərgəsi düzülüb köçün.
Koldibi bulaqdan su içmək üçün,
Çökərək, əyilib sinə biləydim.

Şamdüyə, Qırdağı, Əyriqar, Şindi
Yaylaq boşaldıqca darıxır indi.
Borçalı elləri, Qaraçöp kəndi,
Yenə salacaqmı binə, biləydim?

Mübariz, dünyaya yoxdur etibar,
Yola çıxdın demə, mütləq dönüş var.
Ömrün, çağıranda gələn il dağlar
Çatacaqmı həmin günə, biləydim?


Mübariz Hüseyn Borçalı
www.kafiye.net