Hayata Yenice

Həyata yenicə açan gözlərin,
Bir ömür sevgiylə alışsın, yansın.
Qəflətdə uyuyub qalmasın ruhun,
İlahi hökm ilə erkən oyansın.

Əlimdən yapışan körpə sağ əlin,
Əməl dəftərini alsın önündən.
Aldada bilməsin bər-bəzək səni,
Şeytan döndərməsin təmiz dinindən.

Təzəcə gəzəndə əsən ayağın,
Sirat körpüsündə büdrəməsin kaş.
Nahaqqa tərəfdar olma heç zaman, 
Dəyməsin heç zaman topuğuna daş.

Sən mənə İlahi hədiyyə gülüm,
Bülbül doya bilməz qızılgülündən.
Qəlbində İlahi sevgini böyüt,
Heç kim inciməsin şirin dilindən.

Pak əməl sahibi ol ömrün boyu,
El desin Anana, Atana rəhmət.
Məzarın yanından keçəndə hər kəs,
Söyləsin ay burda yatana rəhmət.

Şehla Ramazanqızı
www.kafiye.net