DE: – QIZDAN, GƏLİNİ SEÇMƏK OLARMI?

Versən gəlininə, oğul sevgisi,
Valideyn kimi, sevməzmi səni?
Salıb aralığa ayrı seçkini
Onun xatirindən keçmək olarmı?
De: – qızdan, gəlini seçmək olarmı?

Mələk libasıyla gəzsə cüt, qoşa
Qəlb gülər, sevincdən parlayan yaşa.
Birini tamarzı qoyub nimdaşa
Birinə zər – ziba biçmək olarmı?
De: – qızdan, gəlini seçmək olarmı?

Gününü zar edib, versən min qəhər
Yaşasa O, evdə qəmli, birtəhər.
Dilindən anbaan tökülsə zəhər
Süzdüyü çayını içmək olarmı?
De: – qızdan, gəlini seçmək olarmı?

Bir vaxt bağışlanmaz günahlar edən
Mübariz! Olmazmı canı incidən?
Halallaq verməsə etdiklərindən
Bu dünyadan rahat köçmək olarmı?
De: – qızdan, gəlini seçmək olarmı?

Mübariz Hüseyn Borçalı
www.kafiye.net