HƏSƏD. roman.davamı( 42)

İri büllur meyvəqabını dönə – dönə gözdən keçirdi. Zənnində yanıldığını düşünərək bir neçə dəfə qaba əl də gəzdirdi. Həyəcandan boğazı qurudu , nitqi tutuldu. Özlüyündə “ İlahi , bu nə işdir ? , – düşündü , – bu, necə ola bilər?”.
Əl – qolu süstləşdi , fikri dumanlandı. Halsız vəziyyətdə xalçanın üzərinə çökdü.
Otağında hədiyyələri yerbəyer edən Zaur Nübarın bağışladığı saatı görəndə heyrətləndi.Qız ona çox bahalı və dəbli saat hədiyyə etmişdi . Sevincək onu qoluna taxıb , anasına göstərmək üçün yan otağa keçdi.
Anasını yerdə, xalçanın üzərində oturmuş görüb, yorulduğunu zənn etsə də , qadının bir nöqtəyə dikilmiş çaşqın baxışlarından bir şey anlamadı. Sakitcə :
-Ana , – dedi , – sənə olub ? Yerdə niyə oturmusan ? Çox yoruldunmu ?
Kamilə sanki oğlunu nə görür , nə də eşidirdi. Fikri – xəyalı tamam başqa yerdə idi.
-Ana , – Zaur bir qədər də yaxına gəldi , – nə olub ?
Kamilə oğlunun səsini sanki indi eşitdi . Fikirdən ayrılıb, donuq nəzərlərlə oğluna baxdı:
-H…H…Heç…
-Nə baş verir , – ana ? , – Zaurun narahatlığı artdı, – özünü pis hiss edirsənmi?
Oğlunun əhvalını pozmaq istəmədiyindən Kamilə özünü ələ almağa çalışdı:
-H…Hə , – güclə eşidiləcək səslə dedi , – başım hərləndi , – yenə oğluna baxdı, – bir an tarazlığımı itirdim.
Zaur cəld anasının qolundan tutub qaldırdı, divana əyləşdirib sərin su gətirmək üçün mətbəxə qaçdı. 
Çox keçmədi ki, əlində su ilə dolu stəkan geri döndü:
-Al iç , ana , – dedi , – özünü niyə bu qədər yorurdun axı ? Onlar mənim tələbə dostlarımdır. Sadəcə məni təbrik etmək istəyirdilər. Sənsə…
-Zaur …, – ana yerindən qalxıb yenidən şkafa yaxınlaşdı. Əlini qabın içində təkrar gəzdirib, məyus – məyus oğlunun gözlərinə baxdı.
-Ana , – Zaurun səbri tükəndi , – nə baş verir ?
-Necə deyim…, – Kamilə udqundu , – qızıl bilərziyim yoxa çıxıb…
-Nə ? , – Zaurun heyrətdən gözləri böyüdü , – nə bilərzik ? Necə yəni yoxa çıxıb ?
-Brilliant qaşlarla bəzədilmiş …atanın toy günümüzə etdiyi hədiyyə…yoxa çıxıb Zaur, – ana sanki öz dediklərinə özü inanmaq istəmirdi.
-Ana , – Zaurun qaşları çatıldı , – yaxşı bax , belə şey ola bilməz!
-Baxmışam, dönə – dönə baxmışam…Yoxdur…
-Bu necə ola bilər axı, – Zaur özü də hiss etmədən səsini qaldırdı, – sən onu hara qoymuşdun ki ?
-Həmişəki yerinə. Hər gün işdən gələndə hara qoyuram, ora ! Büllur meyvəqabının içinə, – Kamilənin gözləri doldu , – illərdir onu orda saxlamışam. Bu gün isə…
-Ana ! Nəticə çıxarmağa tələsmə ! , – Zaur əsəbindən dodağını dişlədi , – kiçik bir yanlışlıq böyük bir narahatlığa , söz – söhbətə səbəb ola bilər. Gəl səbrlə , yerli – yataqlı bir də götür – qoy edək .
-Nəyi , ay bala ? , – ana ümidsiz, çarəsiz görkəm aldı., – dünən axşam işdən gələndə çıxarıb ora qoyduğum yadımdadır, – fikrini bir yerə topladı, – bayaq çay süzmək üçün stəkanları götürəndə də orda idi…Bəs…Bəs…sonradan necə oldu ki…yoxa çıxdı, hə ? 
-Qəribədir…, kimin ağlına gələrdi , – Zaur anasının yanında əyləşdi , – mən…mən dostlarıma hər şeyi etibar edirdim…Onlara özümə inandığım kimi inanırdım. 
-Neyləyək ? Kimin yaxasından yapışaq ? , – Kamilə sual dolu baxışlarla oğluna baxdı, – Bir deyil , iki deyil, gör neçə adam vardı?! Hamısı da bir – birindən yaxşı. Adamın heç biri barədə pis düşünməyə ürəyi də gəlmir. Amma ki…fakt…içərilərində kimsə…
-Tələsmə , ana…, – Zaur fikrə getdi , – belə halda güman min yerə gedir, tələsmə.
-Bəs neyləyim ? , – ana naəlac qalmış kimi əlini üzünə qoydu , – hər şey göz qabağındadır.Atan bilsə…nə olacaq ?!
Zaur nə fikirləşdisə , yerindən qalxdı. Əsəbi halda:
-Narahat olma, ana , – dedi , – mən onu tapacağam! Sənə söz verirəm ! Nəyin bahasına olursa – olsun, onu sənə qaytaracağam! Mənə bir az vaxt ver.
-Hardan tapacaqsan? Necə tapacaqsan? , – Kamilə üzünü yana çevirdi, – belə şeyi kimin boynuna qoymaq olar ?
-Tapacağam! , – Zaur qətiyyətlə cavab verdi.
-Birdən…polisə, filana…, – ana narahat oldu.
-Narahat olma, – Zaur gülümsədi, – ehtiyac yoxdur. Özüm bu işin sonuna yetəcəyəm.
Kamilənin mübahisə etməyə nə həvəsi, nə də halı vardı. Ona elə gəlirdi ki, qorxulu, dəhşətli bir yuxu görür…
Tələbələr Zaurgildən çıxıb söhbət edə – edə , zarafatlaşa – zarafatlaşa dayanacağa gəldilər.Hərə öz əyləşəcəyi avtobusu gözləyirdi.
-Nübar , – Sevil rəfiqəsinin qoluna girdi , – bəlkə yolumuzu parkdan salaq? Hə? Hava gec qaralır. Bir az təmiz havada gəzişək.
Nübar anasının tapşırığını xatırlasa da , Sevilin sözündən çıxmadı:
-Nə deyirəm, gedək. Amma çox yubanmayaq, yaxşımı? Anam nigaran qalar.
-Yaxşı, – Sevil onu parka tərəf çəkdi , – gör nə gözəl havadır! Deyərsən ki , mənimlə parkda gəzirdin. Bir bax , – qarşıdakı bəzək ağaclarını göstərdi , – gör nə qədər təzə ağac əkiblər!
-Hə , – Nübar maraqla ağaclara , çiçəkləyən kollara tamaşa etməyə başladı. 
Quşların cikkiltisinə qulaq verib, gözlərini yumdu.
Sevil fürsəti əldən verməyib çantasını açdı. Ətrafa diqqətlə nəzər saldı. Heç kimin onları görmədiyinə tam arxayın olduqdan sonra , bilərziyi ehmalca çantasından çıxarıb , gün düşən yerə qoydu.
Bilərzik günəşin şüaları altında elə bərq vururdu ki, göz qamaşırdı.
Sevil Nübarın yerdəki bilərziyi görməsi üçün söhbəti hansı istiqamətə yönəltmək barədə düşünürdü. Nübar isə dayandığı yerdən tərpənmir, ətrafı seyr edirdi.
Birdən…yerdə par – par parıldayan qızıl bilərziyi görüb, duruxdu.Əyilib yavaşca onu yerdən qaldırdı. O tərəf – bu tərəfinə baxdı.
Sevil bilərziyi indi görürmüş kimi qaşlarını qaldırıb, təəccüblə:
-Bu nədir ? , – dedi , – bu , səndə hardandır ?
-Bu , mənim deyil, – Nübar özünü itirdi , – yerdə idi…Aman! Onu kimsə qolundan salıb, Sevil!, – həyəcanla rəfiqəsinə baxdı.
-Eləmi? , – Sevil özünü bilməməzliyə vurdu , – maraqlıdır, görəsən kim?
-Nə bilmək olar ?, – Nübar çiyinlərini çəkdi, – burdan o qədər adam keçir ki …Nə pis oldu ! , – üzünə kədər çökdü , – indi yəqin ki , onu axtarır, – Sevilə baxdı , – neyləyək ?
-Neyləyəcəyik ? Əlimizdən nə gəlir ? , – Sevil qayğılı görkəm aldı , – biz ki , onun sahibini tanımırıq…
-Bəs…necə olsun ?
-Necə olacaq? , – Sevil özünü tədbirli göstərdi , – sən tapmısan , demək ki …sənin qismətindir.
-Yox ! Yox ! Nə qismət ? Mənə lazım deyil ! , – Nübar həyəcandan özü də hiss etmədən səsini qaldırdı.
-Niyə həyəcanlanırsan? , – Sevil onu sakitləşdirdi, bilərziyi əlindən alıb diqqətlə baxdı , – hmm, bahalı bilərzikdir , – dedi , – qaşları da brilliantdır…
-Onun sahibini tapmaq lazımdır ! , – Nübar qətiyyətlə cavab verdi. 

Ardı var.

Gövher Rustamova
www.kafiye.net