HƏSƏD. roman.davamı.(41)

Zaurun dəvəti Nübarın ürəyinə yatsa da , anası tərəfdən birmənalı qarşılanmadı.Rəfiqə qızının tanımadığı bir evə getməsinin əleyhinə idi.Bilirdi ki, Kamran da bu işə qol qoymayacaq. Amma gözünün ağı – qarası bircə balasının da ürəyini sındırmaq istəmirdi.Vəziyyətdən cürbəcür çıxış yolları axtarırdı.Münasib vaxt tapıb:
-Qızım, – dedi , – bəlkə o tələbə yoldaşına gözəl bir hədiyyə alıb, elə institutda təbrik edəsən, hə ?
Nübarın kefi pozuldu:
-Ana , məni həmişə , hər yerdən təcrid etmisiniz , – dedi , – məktəbdə oxuduğum illərdə də heç kimin ad günündə iştirak etməyimə icazə verməmisiniz. Tutaq ki, o zaman uşaq idim…Bəs indi?Yaşıdlarımdan niyə seçilməliyəm? Burda pis nə var ki ?Sən özün həmişə səmimiyyətin, mehribanlığın tərəfində olmusan, məni də o cür tərbiyə etmisən.
-Qızım , – Rəfiqə mövqeyini izah etməyə çalışdı, – təbii ki, burda pis bir şey yoxdur. Amma…o evi , ailəni tanımırıq. Necə adam olduqlarını bilmirik.
-Bilmək üçün də gedib görmək lazımdır da , – Nübar incik səslə cavab verdi, – xoşuma gəlməsə , çox oturmaram. Bir də ki, deyilənə görə, orda kənar adamlar olmayacaq, yalnız tələbə dostlarımız dəvət olunublar. Onlarla da ki, hər gün bir yerdə oluruq. Bir – birimizə isinişib alışmışıq.Sevil də dəvət olunub. Birlikdə gedib, birlikdə də qayıdarıq.
-Bəs atan…Məncə o da …
-Atam məni həmişə başa düşüb və dəstəkləyib, – Nübarın üzü güldü , – bir söz deməz.
Qızının dediklərində həqiqət olduğunu görən Rəfiqə könülsüz də olsa , razılıq verdi :
-Amma qızım , bir şərtlə : çox yubanmazsan , təbrik edib , geri qayıdarsan , yaxşımı ?
-Yaxşı , – Nübar sevincək cavab verdi. Anasının boynunu qucaqlayıb üzündən öpdü.
Qrup yoldaşları Zaurun ad gününü səbrsizliklə gözləyir , məxsusi hazırlıq görürdülər.
Evdə anası da tələbə dostlarının gəlişinə həvəslə hazırlaşırdı. Qonaqarı yüksək səviyyədə qarşılamaq üçün çox çalışırdı.
Bazar günü səhər telefon zəng çaldı. Sevil tənbəl – tənbəl yatağından qalxıb dəstəyi qaldırdı:
-Alo!
-Sabahın xeyir , Sevil, – Nübarın səsi eşidildi.
-Sabahın xeyir , – Sevil əsnədi , – səhər tezdən xeyir ola ?
-Elə də tez deyi , – Nübar güldü , – sən yatıb qalmısan, – yadından çıxmayıb ki , bu gün Zaurun ad günüdür.
-Həə…- Sevil özünü etinasız göstərməyə çalışdı, – gərək ki … – birdən gözü saata sataşdı, – ayy, doğrudan da yatıb qalmışam. Hazırlaşmaq lazımdır.
-Hə , – Nübar yenidən güldü , – hazırlaş. Saat birdə metronun girişində görüşərik.
-Yaxşı , – Sevil könülsüz cavab verdi.
Dəstəyi asıb , tələsik əl – üzünü yudu . Səhər yeməyini yeyib, hazırlaşmağa başladı.
Arzunun aldığı təzə donunu geyinib , saçlarını səliqə ilə daradı .Bəzək əşyalarını taxıb, güzgüdə özünə xeyli tamaşa etdi. Təzə ayaqqabılarını geyinib, təzə çantasını götürdü. Otaqda əda ilə o baş – bu başa getməyə başladı.
Otağı təmizləmək üçün qapını açan Arzu gözlərinə inanmadı:
-Nə gözəl görünürsın , Sevil ! , – dedi , – adam baxmaqdan doymur.
– Hə ,- Sevil qürrələndi , – mən orda hamıdan seçiləcəyəm. Qızlar mənə həsəd aparacaqlar.
-Ay səni , – Arzu başını bulayıb gülümsədi , – xasiyyətin dəyişmir ki , dəyişmir.
Sevil ətir vura – vura gözucu bacısına baxdı :
-Mən diqqət mərkəzində olmağı xoşlayıram , bəziləri kimi küncə qısılmağı yox…
Danışdıqları vaxta az qalırdı. Sevil bacısı ilə sağollaşıb evdən çıxdı, metroya tərəf addımlamağa başladı. Yolu elə əda ilə gedirdi ki , sanki hamı onun tamaşasına dayanmışdı , məftunluqla onu seyr edirdi.
Metronun girişində Nübar artıq onu gözləyirdi . Rəfiqəsini görcək üzü güldü:
-Maşallah , – dedi , – son günlər çox gözəl görünürsən. Hətta yerişin də , baxışın da dəyişib.
-Hə , – Sevil rəfiqəsini başdan – ayağa süzdü .
Nübarın son dəbə uyğun , zövqlü geyimi diqqətini cəlb etdi . Səliqə – sahmanı , dəbli saç düzümü gözündən yayınmadı. Qız həqiqətən də çox cəlbedici idi.
Vaqonda yerlərini tutub əyləşdikdən sonra Nübar çantasından kiçik bir qutu çıxarıb Sevilə göstərdi :
-Bax gör , xoşuna gəlirmi ? – dedi , – saatdır. Zaur üçün hədiyyə almışam.
Sevil maraqla qutunu açdı. Heyrətdən gözləri böyüdü . Saat çox gözəl idi .Qızın kefi pozuldu, çünki o, hədiyyəsiz gedirdi . “ Yenə məni üstələdi , – düşündü , – hər addımda öndə olmağa çalışır …”
-Al , indi də buna bax, – deyib Nübar daha bir qutunu ona uzatdı , – bu da odekolondur . Çox gözəl ətri var . Atam həmişə bundan vurur , – Sevilə baxdı , – bunu da sən öz adından təqdim edərsən.
Sevil bir qutuya , bir də Nübara baxdı. Nə deyəcəyini bilmədi.
-Al , – Nübar təkid etdi , – biz ki , bacıyıq. Fərqi nədir , sən , ya mən…
Qız bir söz deməyib qutunu rəfiqəsindən aldı.
Zaurgilin evlərinin yaxınlığında qrup yoldaşları bir yerə toplaşıb onları gözləyirdilər. Hamı şən əhval – ruhiyyədə idi. Qızlar dostları ilə salamlaşıb birlikdə Zaurgilə yollandılar.
Kamilə oğlunun dostlarını gülər üzlə və mehribanlıqla qarşıladı. Hər biri ilə ayrı – ayrılıqda görüşdü. 
Dostları Zaurun boynunu qucaqlayıb üzündən öpür , təbrik edirdilər .Gətirdikləri cürbəcür hədiyyələri növbə ilə təqdim edib , otağa keçirdilər. 
Otaq həqiqətən də çox böyük idi . Möhtəşəm görünüşü vardı, olduqca zövqlə bəzədilmişdi.
Tən ortada qoyulmuş iri masanın üzərinə növbənöv təamlar düzülmüşdü . 
Kamilə oğlunun bütün dostlarına təbriklər üçün minnətdarlıq etdikdən sonra , onları hörmətlə süfrə arxasına dəvət etdi .Dostlarının təklifinə əməl edərək Zaur süfrənin yuxarı başına keçdi. Əyləşdikdən sonra gözü xəlvətcə Nübarı gəzdi . Qızın gəlişi ona xüsusi əhval bəxş etmişdi, sevincindən yerə – göyə sığmırdı. 
Nübar onun baxışlarını hiss etsə də , özünü etinasız göstərməyə çalışırdı. Fikrini başqa istiqamətə yönəldir , ara – sıra rəfiqələri ilə danışıb – gülürdü. Amma…hərdən…ürəyi sözünə baxmırdı. Baxışları özündən biixtiyar Zaura tuşlanırdı. Həmin anda baxışlarını tələsik kənara çəksə də , Zaurun səsini eşitcək , özündən asılı olmadan çevrilib təkrar ona baxırdı.Və beləcə…iki gənc məftun nəzərlərlə bir – birini seyr edirdi.
Sevil özünə yer tapa bilmirdi. Gözü qarşısında baş verənlər onu təbdən çıxarırdı.Hər dəfə Zaurun heyranlıqla Nübara baxması onun əhvalını yerlə yeksan edirdi.Qızın da o baxışlara qarşılıqlı cavabı onu çox sarsıdırdı.
Kamilə həvəslə qonaqlara qulluq edir , bişirdiyi növbənöv yeməkləri bir – birinin ardınca masaya verirdi. Bu arada Nübar sakitcə yerindən qalxıb mətbəxə keçir , Kamiləyə kömək edirdi. 
“ Gör özünü necə şirin göstərir ! Anasının xoşuna gəlməyə çalışır. “ Sevil özlüyündə düşündü.
Yemək süfrəsi yığışıldıqdan sonra şirni stolunun hazırlanmasına bir qədər ara verildi. Çay hazır olana qədər dostları musiqi dinləməyi , rəqs etməyi təklif etdilər. Zaur təklifi məmnuniyyətlə qəbul etdi.
Çox keçmədi ki , otaqda şən musiqi səsləndi. Dostları hamılıqla Zauru əhatəyə alıb rəqs etməyə başladılar. Qızlardan bəziləri əl çalır, bəziləri isə qrup yoldaşları ilə bərabər rəqs edirdi. 
Kamilənin etirazına baxmayaraq, Nübar mətbəxdə qabları yuyur , qurulayıb şkafa yığırdı.
Sevil isə otaqları gəzir, mebelə , pərdələrə , bahalı qab – qacağa heyranlıqla baxırdı.Hər şey yüksək zövqlə uyğunlaşdırılmışdı, göz oxşayırdı.
Çay süfrəsinin hazır olduğunu görüb, bayaq əyləşdiyi yerinə keçdi . Kamilə Nübarın köməkliyi ilə bişirdiyi iri tortu , növbənöv şirniyyatları, cürbəcür mürəbbələri , konfetləri masaya düzdü. Süfrəyə təzə dəmlənmiş pürrəngi çay verildi.
Dostlar beləcə yeyib – içib, xeyli şənləndilər. Hər şey o qədər gözəl idi ki , hətta vaxtın ötməsini də hiss etmirdilər.
Nəhayət, məclisin sonuna gəlib çıxdılar. Zauru yenidən təbrik edib, ikibir – üçbir otaqdan çıxır , Kamiləyə təşəkkür edir , sağollaşırdılar.
Hamını mehribanlıqla yola salan Kamilə otağa keçib dərindən nəfəs aldı.Yorğunluğunu hiss etdirmək istəməsə də , üz – gözündən bu, açıq – aşkar hiss olunurdu.
Bir qədər dincini aldıqdan sonra Nübarla yuyub quruladığı stəkan – nəlbəkini yerbəyer etməyə başladı. Büllur qab – qacağı səliqə ilə şkafa yığarkən , birdən duruxdu. Qaşları çatıldı. Gözlərinə inanmadı , qadının başında sanki ildırım çaxdı…

Ardı var.

Gövher Rustamova
www.kafiye.net