Qoy xeyrə açılsın sabahlarımız! 

Bəsləyib qəlbində neçə arzu -kam 
Sabaha ümidlə boylanır insan. 
Qüssəyə, kədərə verməyib aman 
Allahdır arxamız, həm dayağımız, 
Qoy xeyrə açılsın sabahlarımız!

Günəş şüasını səpib düzlərə, 
Al rəngə boyanıb çəmən, dağ –dərə. 
Bu nə gözəllikdir, bu nə mənzərə?! 
Şəfəqdən pay alsın od -ocağımız 
Qoy xeyrə açılsın sabahlarımız!

Çağlasın dağların gur şəlaləsi, 
Dinsin tütək səsi, dinsin ney səsi, 
Bir başqa aləmdir şehi, jaləsi 
Qəlbə şəfa versin buz bulağımız. 
Qoy xeyrə açılsın sabahlarımız!

Vətən torpağının hər çağı gözəl, 
Bəhrəli bağçası, hər bağı gözəl, 
Meşəsi, talası, hər dağı gözəl, 
Gəlsin zirvələrdən xoş sorağımız, 
Qoy xeyrə açılsın sabahlarımız! 

GÖVHƏR RÜSTƏMOVA.
www.kafiye.net