HƏSƏD.  roman (25 )

Sevilin sözlərindən tutulan Zəhra bir qədər ciddi tərzdə :
-Sevil , – dedi , – biz hər ikimiz yorğunuq , qalx qabları yu , mətbəxi də səliqəyə sal .
-Nə ?! , – qızın gözləri böyüdü , – bir bu qalmışdı , – əllərini göstərdi , – bu cür manikürdən sonra qab yuyub , qazan sürtəcəyəm ? , – ucadan güldü , əli ilə qarşısındakı boşqabı itələyib yerindən qalxdı .
Başqa vaxt olsaydı Arzu onu tənbeh edib , dərsini verərdi . Amma indi onun buna nə həvəsi , nə də halı vardı . Heç bir söz deməyib , sakitcə qabları yudu , mətbəxi səliqəyə saldı , çaydanı doldurub qaynamağa qoydu . Anası ilə bərabər otağa keçdi . 
-Bu qızın axırı necə olacaq ? , – ananın üzünə qayğılı ifadə gəldi , – niyə özünü bu cür aparır , anlamıram , – çiyinlərini çəkdi, – hər istədiyinə əməl edirik , nazını çəkirik …
-Ehh…, – Arzu divana əyləşdi , – elə əsl səbəb də odur , – deyib başını arxaya söykədi , gözlərini yumdu , – güzəştə gedə – gedə evini yıxırıq …
-Qızım , bəlkə uzanıb dincələsən ? , – ana qızının yorğun çöhrəsinə baxıb söhbəti dəyişmək qərarına gəldi .
-Hə , – Arzu gözlərini açdı , – çay içib dincələcəm.
Arzu həmişəkindən çox tez yatdı. Yatağına uzanan kimi yuxuya getdi , bir də səhər zəngli saatın səsinə oyandı.
Şöbənin işçiləri ikibir , üçbir , aralarında söhbət edə – edə , xoş əhval – ruhiyyə ilə otağa daxil olur , bir – biriləri ilə mehribancasına salamlaşırdılar.
Sıxıldığından , çəkindiyindən onlardan bir qədər kənarda qalan Arzu Çingizin dediklərinin mahiyyətini indi anladı. İş yoldaşlarına qaynayıb – qarışmaq ,mehriban münasibət , xoş ünsiyyət yaratmaq lazım idi . 
Çox keçmədi ki , Könül də gəldi . Güzgünün qarşısında özünü sahmana saldıqdan sonra otaqdakıları salamlayıb yerinə keçdi. Masasının üzərindəki sənədlərə göz gəzdirməyə başladı. Aradan bir neçə dəqiqə keçmişdi ki , katibə qapı ağzında göründü . Könülə yaxınlaşıb:
-Sabahınız xeyir ! , – dedi , – Çingiz müəllim sizi yanına çağırır. Zəhmət olmasa , otağına gəlin.
Könül eşitdiklərinə təəccübləndi . Sual dolu nəzərlərlə katibəyə baxdı :
-Səhər – səhər xeyirdirmi ? 
Katibə çiyinlərini çəkdi :
-Bilmirəm , – dedi , – xahiş etdi ki , sözlərini sizə çatdırım. Otağında sizi gözləyir , – deyib otaqdan çıxdı.
Könül daxili bir narahatlıq keçirsə də , özünü sındırmadı . Cəld çantasından güzgü , daraq çıxarıb saçını daradı , dodağına boya çəkdi . Ətirlənib otaqdan çıxdı .
Çöhrəsinə təbəssümlü bir ifadə verib qapını astadan döydü .
-Buyurun , – Çingizin səsi gəldi .
Könül qapını açıb otağa daxil olduqda müdiri xeyli ciddi görkəmdə , hətta bir qədər də əsəbi gördü . Üzündəki təbəssüm anındaca yox oldu . Qayğılı tərzdə :
-Sabahınız xeyir , Çingiz müəllim , – dedi , – eşidirəm sizi .
Çingiz ona tərəf baxmadan , qaşqabaqlı halda yerindən qalxıb otaqda var – gəl etdi . 
-Könül xanım , – dedi , – sizə bir sualım var , – keçib yerinə əyləşdi , axşam Arzudan alıb , masasının üzərinə qoyduğu iri qovluğu göstərdi , – bizim keçənilki sənədləşməni təzə işçimizə nə məqsədlə vermisiniz?
Gözləmədiyi bu sual onu çaşdırdı . Bir Çingizə , bir də qovluğa baxdı . Bəli , bu , onun dünən Arzuya verdiyi həmin qalın qovluq idi …” Aman Allah ! , – düşündü , – qovluq Çingizə necə gəlib – çatıb?, – ani olaraq fikrindən keçirdi.” Ürəyi sürətlə vurmağa başladı . Yanaqları pörtdü , üzünə soyuq tər gəldi .Rəng verib , rəng aldı .Qaşlarını çatıb , vəziyyətdən çıxmaq üçün fikrində tutarlı səbəblər düşünməyə başladı .
-Hansı sənədləşməni Çingiz müəllim ?, – özünü bilməməzliyə vurdu .
-Bu qovluğun içindəki , keçən il işlənib , təsdiqlənmiş sənədləşməni ! , – Çingiz səsini qaldırdı, – Könül heç vaxt onu belə görməmişdi ; müdirin əsəbdən əlləri əsir , gözü səyrəyirdi , – cavab gözləyirəm ! 
-Mmm…, – Könül nə deyəcəyini bilmədi , – baxmaq olarmı ? Bəlkə …bəlkə qovluqları səhv salmışam …
-Buyurun , baxın ! , – Çingiz qovluğu əsəbi tərzdə , əli ilə ona tərəf itələdi .
Könül sənədləri ilk dəfə görürmüş kimi , götürüb gözdən keçirdi :
-Bəli …Bunlar …keçənilki sənədlərdir …Necə olub ki…
-Bəli , elə məni də o maraqlandırır ! , – Çingiz səsini bir az da qaldırdı .
Könülün boğazı qurudu . Özünə bəraət qazandırmağa çalışdı. Səsi əsə – əsə:
-Bilirsiniz , – dedi , – inandırıcı olmasa da …mən qovluqları səhv salmışam . Arzuya yeni layihəmizlə bağlı iş tapşıracaqdım…
-Bəli , tapşırmışdınız da ! O da var gücü ilə işləyib , sənədləri nahar fasiləsinə qədər sizə təhvil verib ! Buna görə ona təşəkkür düşür ! Siz isə …, – acıqla Könülü süzdü , – siz isə …onu daha ağır işlə sınağa çəkmək qərarına gəlmisiniz ! Bütöv bir şöbənin səyi ilə işlənmiş sənədləri yeni, təcrübəsiz işçiyə təkbaşına , təkrarən işləməyi tapşırmısınız! Özü də …Özü də iki günə!, – deyib yumruğunu hirslə masaya çırpdı, – Nə haqla ? Sizdən soruşuram! 
-Sakit olun , Çingiz müəllim , – qız günahsız görkəm almağa çalışdı , – mən…mən onu qəsdən etməmişəm , inanın mənə …
-Hansı məqsədlə etdiyinizi özünüz bilirsiniz ! , – Çingiz əsəblərini cilovlamağa çalışdı , – bura nə islah əmək koloniyası, nə də cəzaçəkmə müəssisəsi deyl ! Şirkət hər vasitə ilə işçilərinin rahatlığını təmin etməyə çalışır . Hətta vaxtaşırı istirahətləri üçün də imkan yaratmaq istəyirik, – Könülün gözlərinə baxdı , -sizcə ac – susuz , gərgin , əsəbi işçi şirkətə can yandırıb xeyir verə bilərmi ? , – səs tonunu aşağı saldı , – mən sizə …özümdən artıq etibar edirdim , sizsə…
Könül deməyə söz tapmayıb başını aşağı saldı :
-Günahkaram , Çingiz müəllim , – dedi , – mən…mən bunu qəsdən etməmişəm.
-Yaxşı , – Çingiz söhbətə son qoymaq qərarına gəldi , – gedin …gedin işinizlə məşgul olun. Ümidvaram ki , belə hallar bir də təkrarlanmayacaq.
Könül :
-Təşəkkür edirəm , – deyib ayağa qalxdı . Qapıya tərəf gedib , birdən arxaya döndü :
-Üzr istəyirəm , bağışlayın , – deyib otaqdan çıxdı . 
Şöbəyə qədər olan yolu səndirləyə – səndirləyə gedib , tələsik otağın qapısını açdı . Özünü oturacağa zorla çatdırdı . Heç kimə məhəl qoymadan üzünü əlləri ilə örtdü . Hönkürtü ilə ağlamağa başladı .Gördükləri mənzərədən heç bir şey anlamayan işçilər təəccüblə ona baxdılar . Qızlardan biri cəld stəkana su süzüb ona yaxınlaşdı :
-Könül xanım , alın için , – dedi . 
Digər qızlar da yerlərindən qalxıb ona yaxınlaşdılar . Səbəbini bilməsələr də, hərə bir tərəfdən onu sakitləşdirməyə çalışırdı . Könül isə sakitləşmək bilmir , getdikcə daha möhkəm ağlayır , hönkürürdü .
Onunla daha yaxın , dost münasibətdə olan Gülşən qızları masanın ətrafından kənarlaşdırıb:
-Qızlar , – dedi , – işinizdən ayrılmayın. Mən özüm onu sakitləşdirib , işin nə yerdə olduğunu aydınlaşdıraram .
İşçilər bir söz deməyib yerlərinə keçdilər . Hərə öz işi ilə məşgul olmağa davam etsə də , üzlərdə çaşqınlıq , gözlərdə suallar var idi . Həmişə qürurlu görünən , özünü hamıdan yüksəkdə hiss edən , zəhmi , zabitəsi ilə seçilən Könülə birdən – birə nə olmuşdu ? 
Gülşən rəfiqəsinə sakitləşdirici həb verib, yanında əyləşdi . Qucaqlayıb sakitləşdirməyə çalışsa da , müvəffəq ola bilmədi . Könül hıçqıra – hıçqıra əli ilə onu özündən kənarlaşdırdı .
-Məni rahat burax ! , – dedi .
Gülşən heç bir şey anlamayıb yerinə keçdi . Hamını maraq bürümüşdü:” Nə baş verirdi axı ?”
Bu sualın cavabını …yalnız bir nəfər …Arzu bilirdi …

Ardı var .

Gövher Rustemavo
www.kafiye.net