M ə n i m

Dünya,elə bilmə əsirinəm mən,
Öz dünyam,öz ərşim,ərzim var mənim!
Öz gecəm-gündüzüm,günəşim,ayım,
Öz dərəm,öz təpəm,düzüm var mənim!

Çeşmələrim Ab-Kövsərdən sərindi,
Dənizlərim dənizlərdən dərindi,
Sıx gözünü,önümdə tök tər indi,
Öz odum-alovum,közüm var mənim!

Meyvələrim bağlarında yetişməz,
Dağlarıma dağların da etişməz,
Yollarımız bir-birinə bitişməz,
Öz tərzim,öz yolum-izim var mənim!

Nə bərəlt gözünü,nə də çırma qol,
Kükrəmə-köpürmə,dur da bir ram ol,
Yüz belə dünyanı edən kölə,qul,
Həm sazım,avazım,sözüm var mənim!

Çox od vurdun,çox yandırdın,sən də yan,
Çıx yolumdan,boynunu bük,yan dayan,
Bir elə dünyayam,elə dünyayam,
Dünyam var,deməyə üzüm var mənim!

Məzahir İsgəndər
www.kafiye.net