QANLI YANVAR .

Tariximin Qan yaddaşı – 20 Yanvar!
Apardın özünlə neçə taleni…
Nə yaddan silinər , nə unudular 
Bükdün milyonların qədd – qamətini…

O ərşə ucalan ah – nalələrdən 
Yerim də , göyüm də lərzəyə gəldi …
Yollara səpilmiş qərənfillərdən 
Şəhidlər şəninə bir dağ yüksəldi…

Nə qoca , nə qadın , nə də körpəyə 
Yağı gülləsinin rəhmi gəlmədi .
Şəhərim büründü qanlı örpəyə 
Yurdumun başına kədər ələndi .

Xiyaban qoynuna aldı övladın
Açdı qucağını Şəhidlərinə .
Ürəyi dağlandı doğmanın , yadın 
Vətən ağı dedi mücahidinə.

Ötsə aylar , illər , ya qərinələr 
Şəhidlər qəlblərdə əbədi yaşar!
Düşmənə səngiməz nifrət, küdurət 
İntiqam eşqilə ürəklər coşar !

Uca tut başını doğma Vətənim!
Uğrunda ölümə gedənlərin var!
Mərddir oğulların, qızların sənin
Keşiyində duran ərənlərin var!
*************************************
GÖVHƏR RÜSTƏMOVA . 18 . 01 18 .
***********************************
Allahdan cəmi ŞƏHİDLƏRimizə rəhmət diləyirəm.

www.kafiye.net