Səd həzər

Başqasının sevincinə iç çəkib,
Yaşlı gözlə baxmağından səd həzər.
Şər ataraq xoşbəxtliyin yuvasın,
Alt-üst edib yıxmağından səd həzər.

Qəlb incitmə, şirin elə dilini,
Qurcalama sönmüş ocaq külünü.
Düşməninə uzatdığın əlini,
Dostun kimi sıxmağından səd həzər.

Ov edən ol, şikar kimi ovlanma,
Şirin dilə uşaq kimi tovlanma,
Qardaşı da sınamadan dost sanma,
Dostun düşmən çıxmağından səd həzər.

Etmə doğma kölgənə də etibar,
Kölgənin də qara-qura rəngi var,
Zaman ilə başqa -başqa yer alar,
Lal sulartək axmağından səd həzər.

Müəllif: Şəhla Ramazanqızı
www.kafiye.net