Düşün məni eləcə

Xatırla sən məni,gülüm,eləcə…
Xatırla “o gecə” olduğum kimi.
Xatırla,olub da uşaqdan-uşaq,
Başımı dizinə qoyduğum kimi…

Xatırla “o gecə” olduğum kimi,
Xatırla da o yaşda,o həvəsdə…
Xatırla da o boyda,o buxunda
Ki,sönməsin yaşamağa həvəs də.

Xatırla da o yaşda,o həvəsdə,
Qoy hələ düşməsin saçıma dən də…
Qoy hələ olub da biz bircə ürək,
Çırpınıb-döyünək bircə bədəndə…

Qoy hələ düşməsin saçıma dən də,
İtməsin gözümdə inam da ,hələ.
İtməsin dilimdə nə şən nəğmələr,
Qurmasın yolumda qəm-kədər tələ.

İtməsin gözümdə inam da,hələ,
Yaşayım o cürə…qalım o cürə…
Qoy,hələ,zindana atıb,vurmasın
Bu qansız qocalıq məni zəncirə…

Yaşayım o cürə,qalım o cürə,
Əllərin ovcumun içində olsun.
İçim nəfəsini sərin sərin su kimi,
Ətrin,təravətin içimə dolsun…

Əllərin ovcumun içində olsun,
Baxışıb-qoxlaşaq gül-bülbül necə!..
Yumub gözlərini,dönüb “o gün”ə,
Xatırla sən məni,gülüm,eləcə!..

Məzahir İsgəndər
www.kfiye.net