AĞLAMA XOCALI!

O qanlı yanvarda olduğu kimi,
Göynətdi Xocalı dərdi könlümü,
İnlədi qəlbimin dərd adlı simi,
Ağlama Xocalı,ağlama daha!

Qaysaq tutmamışdı yanvar yarası,
Niyə artdı elin dərdi,bəlası?
Görüm odda yansın düşmən balası,
Ağlama Xocalı,ağlama daha!

Ey Allah, götürmə belə əməli,
Qansız düşmənlərin qurusun əli,
Xalqa kömək olsun Məhəmməd,Əli,
Ağlama Xocalı,ağlama daha!

Qara örpək örtdü yurdum üzünə,
Axdı insan qanı su əvəzinə,
Ay Allah,qan gətir düşmən gözünə ,
Ağlama Xocalı,ağlama daha!

Dağ,meşə boyunca insan cəsədi,
Ay Allah,özün gör necə dəhşətdi,
Artıq əlimizdən gedənlər getdi,
Ağlama Xocalı,ağlama daha!

Namərd qarşısında mərdlər əzilməz,
Bu dəhşət olubdu yaman dözülməz,
Haqq işi nazilər,ancaq üzülməz, 
Ağlama Xocalı,ağlama daha!

Zauram,qan ağlar canım,ürəyim,
Boynu bükük qalıb gülüm,çiçəyim,
Düşmən qarşısında,budur diləyim,
Ağlama Xocalı,ağlama daha! 

15.mart.1992.
Zaur Vedili
www.kafiye.net