BÖYÜK QAYIDIŞIN İLK MÜJDƏSİDİ 

Cəbrayıl rayonun Cocuqmərcanlı 
kəndindindən olan köçkünlərimizin 
doğma yurdlarına olacaq qayıdışı üçün 
quruculuq xəbərini eşitdikdən sonra.

Nə yerə sığıram,nə göyə Allah,
Sevincim layiqdi sevgiyə Allah.
Bu dağılan zülmət,açılan sabah,
Böyük qayıdışın ilk müjdəsidi!

Düşmən tapdağında tapdanan yurdum,
Səni azad etdi tapdaqdan ordum,
Qönçələnən gülüm,göyərən otum,
Böyük qayıdışın ilk müjdəsidi!

Bərpa olunursa pozulan naxış,
Demək yazımıza boyun bükür qış,
Cocuqmərcanlıya olan qayıdış,
Böyük qayıdışın ilk müjdəsidi!

Daha qərib ruhlar tapar rahatlıq,
Abadlıq olacaq hər yan abadlıq,
Bu sevinc,bu fərəh,bu uğur,şadlıq
Böyük qayıdışın ilk müjdəsidi!

Dörd günlük o şanlı aprel savaşı,
Ölüm hökmü oldu düşmənə qarşı,
O,Lələtəpənin hər bir qarışı,
Böyük qayıdışın ilk müjdəsidi!

Eşq olsun ordumun hər əsgərinə!
Şir,pələng qüvvətli nər əsgərinə!
Bu dünya sığmayan dar səngərinə,
Böyük qayıdışın ilk müjdəsidi!

Gözün aydın olsun Azərbaycanım,
Uğrunda qurbandı mənim də canım 
Zaur,tarixləşən zəfər dastanım ,
Böyük qayıdışın ilk müjdəsidi!

25.yanvar.2017.
Zaur Vedili
“Vedibasar”qəzeti 16-28. fevral sayı
www.kafiye.net