Vətən həsrəti

Nə yaman dərd imiş Vətən həsrəti,
Sızlayır könlümün, Qarabağ simi!
Bu həsrət içində ötən müddəti,
Ürəyim çırpınır, qərib quş kimi!

Elim öz yurdumdan düşüb aralı,
Qalıbdır sərgərdan, yurddan didərgin!
Xalqımın sinəsi qalıb yaralı,
Hələ də deyilir adına köçkün!

Batıb Qarabağın qana köynəyi,
İgid babaların ağlayır ruhu.
Getmir ürəyimdən Şuşa göynəyi,
Alıb göy üzünü Bülbülün ahı!

Dönübdür fəryada Xanın avazı,
Dərgaha əl açıb, cüt minarələr!
Şəmşir dədəmizin susubdur sazı,
Cabbarın muğamı düşüb dərbədər!

Hələ də torpağım düşməndə əsir,
Bəsdir, yurdumuzu verməyək yada!
Qalx ey Vətən oğlu, sükutun yetər,
Vətənin parçası qalmasın yada!!!

Destegül Zamanlı
www.kafiye.net