QIŞ LÖVHƏLƏRİ.

Hava qar-boranlı,göylər çən-duman,
Əsir dayanmadan soyuq küləklər.
Bütün çətinliklər gəldi-gedərdi,
Bircə soyumasın odlu ürəklər.

Hər tərəf bürünüb qar örtüyünə,
Olub zülmət gecə nurlu bir sabah.
Təbiət baharda olduğu kimi,
Qışda da nə gözəl görünür Allah!

Soyunub ağaclar yaşıl donunu,
Yaydan qalmayıbdı əsər-əlamət.
Hər yan bürünsə də qar libasına,
Yenə ana Vətən cənnətdir,cənnət.

Bir bax qartopası oynayanlara,
Bu körpə fidanlar nə göyçəkdilər!
Üstə qar ələnmiş balaca daşlar,
Sanki xırda-xırda göbələkdilər.

Bir çox ağacların budaqlarında,
Quşların yuvası quşsuz qalıbdı.
Yurdu tərk eləyən köçəri quşlar,
Bizi həsrət adlı oda salıbdı!

Yollar buz bağlayıb dönüb şüşəyə,
Adam cürət etmir addım atmağa.
Ana təbiətin bu mənzərəsi,
Qadirdi hünərə hünər qatmağa.

Hava qar-boranlı,göylər çən-duman,
Əsir dayanmadan soyuq küləklər.
Bütün çətinliklər gəldi-gedərdi,
Bircə soyumasın odlu ürəklər.

27.dekabr.2003
Zaur Vedili
www.kafiye.net