MƏNİ BAĞIŞLA

Həyatın, taleyin burulğanında,
Büdrədim, yıxıldım eşq məkanında.
Günahım böyükdür sənin yanında,
Bağışla sevgilim, məni bağışla.

Uydum özgələrin şirin dilinə,
Qar yağdı ömrümün qara telinə.
Qoy həsrət qalmasın əlim əlinə,
Bağışla sevgilim, məni bağışla.

Taleyin hökmündən qaça bilmədim,
Öz bağlı qapımı aça bilmədim.
Getdi cavan ömrüm puça, bilmədim,
Bağışla sevgilim, məni bağışla.

Nurlu yollarımı qaranlıq aldı,
Sevdalı könlümü kəməndə saldı.
Bu sevgi qəlbimdə bir qara xaldı,
Bağışla sevgilim, məni bağışla.

Bacarmadım dərdi mən daşlamağı,
Ülvi məhəbbəti alqışlamağı.
İnsaf elə, bacar bağışlamağı,
Bağışla sevgilim, məni bağışla.

30.03.2002
Zaur Vedili
www.kafiye.net