MÜƏLLİM.

Hər insana pay verir,ürəyinin nurundan,
Nuru bitməz,tükənməz,asimandı müəllim.
Həyat dərsi alırıq,onun dağ vüqarından,
Bu cahanın içində,bir cahandı müəllim.

Onu müqəddəs sanıb,yerin-göyün hakimi,
Ona səcdə edək biz bir müqəddəs pir kimi.
Nələr yatmır bu adın,altında bir sirr kimi,
Ömrü daim yaz donlu,gülüstandı müəllim.

Öz ömrünü şam kimi əridir gilə-gilə, 
Xoşbəxtlik gətirir,o,hər vaxt obaya-elə,
Gözlərdə,könüllərdə müqəddəs əməliylə,
Çinar kimi ucalan,bir insandı müəllim.

Zəhmətinin bəhrəsi, çıxdığı zaman üzə,
Onun qəlbi bənzəyir bir dalğalı dənizə,
Odur elmin sirrini hər vaxt öyrədən bizə,
Elm adlı bağ-baxçada bir bağbandı müəllim.

Öz doğma balasıtək,hər kəsə savad verir,
Elə bil ki,insana özgə bir həyat verir.
Aya,günə uçmağa,insana qanad verir,
Elm adlı bir aləmdə şahdı,xandı,müəllim.

Onun ömrü min barlı xəzan bilməz bağçadı.
Hər sözü,hər söhbəti bilik dolu xonçadı,
Zəhmətilə həmişə ucalardan ucadı.
Hər insan övladına şöhrət-şandı müəllim.

29-sentyabr-1997.
Zaur Vedili
www.kafiye.net