Sevmirəm səni

Çox düşündüm, nə doğmasan, nə də yad.
Bəs niyə, unuda bilmirəm səni?
Səbəb xatirəymiş, çəkdikcə fəryad,
Məcburam yazmağa, sevmirəm səni.

Mən ağa deyiləm, qulu neynirən.
Sağım sağ deyilsə, solu neynirəm.
Səninlə tapılan, yolu neynirəm,
Razıyam azmağa, sevmirəm səni.

Dilsizin bir adı, fağır olarmış.
Yollar tapdanmasa, cığır olarmış.
Vüsal da, həsrətdən ağır olarmış,
Gəldim uduzmağa, sevmrəm səni.

Çoxmu aşiqiydin, sən Rəhimlinin,
İndi əzabın çək, dönük qəlbinin.
Səninlə gedərəm, ölmüş sevgimin,
Məzarın qazmağa, sevmirəm səni.

Müəllif: Aygün Rəhimli
www.kafiye.net