ƏRİMƏSƏLƏR

Bu zaman, bu məkan bizi alsa da,
Zaman həmin zaman, məkan fərqliydi.
Dünyamız eyniydi, bəşər həmindi,
Birimiz qərbliydi , biri şərqliydi.

Qaçqınlıq, köçkünlük olmasa heç vaxt
Mən səni, sən məni görə bilməzdik.
Faciə olmasa eşqin bağından,
Nə çiçək, nə buta dərə bilməzdik.

Bu eşqin çəkisi yaman ağırdı,
El – oba boydasa, yurda tən gəlir.
Bir ali qüvvəmi bizi çağırdı,
Sevgidən sonramı el, vətən gəlir?

Demək ki, torpaq da sevilsin gərək,
Sevgidən, sevdadan yoxdur ötəsi!
Dünyaya olmasa Tanrı sevgisi,
Olmaz materiki, olmaz qitəsi!

Biz sonda görüşən dağlar kimiyik,
Dağlar görüşməzələr yeriməsələr.
Bətnindən günəşin doğan kimiyik,
Ulduzlar qovuşmaz əriməsələr!



Təvəkkül Goruslu. 24 07. 2020
www.kafiye.net