BƏXTİNİ QƏM ÇAĞIRDI

(Bacısının ölümünə üzülən, həyat yoldaşıma təsəlli)

Sızladaraq ürəkləri göynədən
Bu əzabın, iztirabı ağırdı.
Dönməz olub, vaxtsız getdi can əldən
Hey qaçdısa, bəxtini qəm çağırdı.

Təsəlliyə acizdi hər deyilən,
Nakam gedən, bacı – qardaş üzəndi.
Nalə çəkib olma, qəddi əyilən
Səbr et gülüm, insan dərdə dözəndi.

Hücum edən qəm qolunu kəs, üz sən!
Hər əzaba sinə gərən mərd olar.
Qüssə gülər, nisgil çəkib can üzsən,
Sənsizlik də özgəsinə dərd olar.

Adı adlı bacımı ki, itirdim
Öz adını dedirtmədi özgəyə.
Bacı deyə, ona pənah gətirdim
O, da getdi, qəm yetişdi ərsəyə.

Yardımına cəhd etsək də bir daha
Sonsuzluqda qeyb olana, nə kömək?
Bizə qalır üz tutaraq Allaha
Yalvarışla cənnət – məkan diləmək.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net