NƏ GƏRƏKDİR

Həyatın özünü dərk etməyənə,
Şeir nə lazımdır,söz nə gərəkdir?
Düz yol tutub yolu düz getməyənə,
Cığır nə lazımdır,iz nə gərəkdir?
**
Çalış könlünü al qəlbi sınanın,
Xoşbəxtsən vardırsa canı yananın,
Qədri bilinmirsə ata-ananın,
Oğul nə lazımdır,qız nə gərəkdir?
**
Ağacdan ibrət al,barın çoxdursa,
Tikəni yarı böl qarnın toxdursa,
Əgər bir ürəkdə sevgi yoxdursa,
Baxış nə lazımdır,göz nə gərəkdir?
**
Məzlumun qeydinə qalmayanlara,
Torpaqdan güc-qüvvət almayanlara,
Canında yurd eşqi olmayanlara,
Bahar nə lazımdır,yaz nə gərəkdir?
**
Seyr elə vətəni gəz sola,sağa,
İstər arana get,istərsən dağa,
Əgər söz qoşmasan sən Qarabağa,
Mizrab nə lazımdır,saz nə gərəkdir?

Nazlı Hacılı.
www.kafiye.net