XOŞBƏXT OLACAQ

Sehrkar çubuqdu qələmim mənim,
Yazdığım oxusan hüzur taparsan.
Qələmlə vəhdətdə əməlim mənim,
Sən məni misramda hazır taparsan!

Bir az qapalıyam, bir az ciddiyəm,
Qələmi götürsəm , qəlb qapım açıq.
Adıma uyğunam, düzlük həddiyəm,
Həssasam çoxundan, duysan azacıq.

Tanrıya min şükür vücudum gözəl,
Boy- buxun, yaraşıq, hamısı məndə.
Yazdığım fərqlidi, düşüncəm özəl,
Əl qoymam məkirə, fitnəyə, fəndə.

Qəlbimi yandırır elat həsrəti,
Aylardı, illərdi kğçdən yazıram!
Sınmayıb, gülümsər tutub surəti,
Mən heçdən yazmıram, içdən yazıram!

Dörd yanın kədərin, dərdin çəkməkdən,
Saçıma ələnib dağların qarı.
Səbr ilə hicranı qəlbə bükməkdən,
Canımı dağlayır ruhun qabarı!

Qələmim silahım, kağız səngərim,
Sətirlər, misralar güllə darağım.
Bəllidi təpərim, vardır ləngərim,
Bu dünya, bu bəşər alar sorağım!

Duyub sədasını türk oğlu türkün,
Səksənər, ayılar, karlar oyanar.
Düzəlməz olaylar paşama mümkün,
Bu dünya bir ayrı rəngə boyanar!

Mənim bu diyarım qiymətli inci,
Özgür sərhədlərlə şəfəq saçacaq!
Bax onda , Təvəkkül , duyub sevinci,
Bir şair ürəyi xoşbəxt olacaq!

 


Təvəkkül Goruslu.11.07.2019.
www.kafiye.net