MƏN SƏNƏ AĞLAYIM SƏN MƏNƏ ALLAH

Bu gecə yenə də sən ol həmdəmim,
Mən sənə ağlayım, sən mənə ALLAH.
Sənin də qəmindir mənim hər qəmim,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Biqərar bəndənə yoldaşlıq elə,
Atalıq, analıq, qardaşlıq elə,
Nə olar bu gecə sirdaşlıq elə,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Bilirsən kədərim qəmim çoxdu çox,
Ürəyim təkliyə doyub, toxdu tox,
Mənim səndən başqa dostum yoxdu yox,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Düş yerə dünyanın düzündə ağla,
Yetim qızcığazın gözündə ağla,
Ya da mən fəqirin üzündə ağla,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Bürü rəhmətinlə dörd bir yanımı,
Təklikdə ağlamaq üzür canımı,
Səninlə keçirdim hər bir anımı,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Dostum, məni bu yer üzündən qopar,
O zaman nə dərd, nə qəm məni tapar,
Sən də tək darıxma yanına apar,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Çoxdandır tək tənha qalmısan sən də,
Baxıb bəndələrə dolmusan sən də,
Yaradıb peşiman olmusan sən də,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Dəymişim bir yana kalıma ağla,
Ağla bu dünyada zalıma ağla,
Mən sənin, sən mənim halıma ağla,
Mən sənə ağlayım, sən mənə ALLAH.

Müəllif: Yaqub Kərimi
www.kafiye.net