HƏSƏD  davamı ( 14 ) 

Bir şey anlamayan Zaur fikrini kitabdan ayırıb çaşqınlıqla bir Sevilə , bir də yerdəki kitablara baxdı . Cəld kitabları qaldırıb Sevilə verdi :
-Ay , bağışlayın , – dedi , – çox – çox üzr istəyirəm . Günahkaram . Başım kitaba elə qarışmışdı ki , sizi görə bilmədim . Üzrlü sayın .
Sevil utancaq görkəm aldı :
-Eyb etməz , narahat olmayın …Elə …elə mən də kitaba aludə olduğumdan qarşıdan gələnləri görmürdüm , – gülümsədi , – günahkar kitablardır…
Zaur onun əlindəki kitablara baxdı :
-Dərs kitablarıdır ?
Sevil əzilib – büzüldü :
-Yox , bədii ədəbiyyatdır , dedektiv janrda yazılıb .
-Baxmaq olar ?
-Əlbəttə , – sevincək əlindəki kitabı Zaura uzatdı .
Elə bu zaman zəng vuruldu . Zaur kitaba ötəri nəzər salıb :
-Qalsın başqa vaxta , – dedi , – dərs başlayır , tələsməliyəm . Sizdən bir daha , dönə – dönə üzr istəyirəm , – deyib tələsik auditoriyaya tərəf yeridi .
Sevil özü də hiss etmədən dabanını acıqla yerə vurdu :” Bu zəng də vurulmağa vaxt tapdı da… “
Könülsüz halda Zaurun ardınca otaqlarına tərəf getməyə başladı . “ Hmm, qəribədir , – düşündü, – hətta eyni qrupda oxumağımızdan belə xəbərsizdir …Eybi yox , – qəddini düzəltdi, – ruhdan düşmək olmaz !“ .
Müəllim artıq mühazirəyə başlamışdı . İki qrup eyni auditoriyada birləşdiyindən Nübar da orada idi . Yanındakı oturacaqda Sevil üçün yer saxlamışdı .
Sevil icazə alıb yerinə əyləşdikdə , astadan :
-Səni görməyib narahat oldum , – dedi , – hardaydın ?
-Kitabxanaya getmişdim , – Sevil ağızucu cavab verdi , -yavaşca başını döndərib arxa oturacaqda əyləşmiş Zaura baxdı.” Bunun deyəsən dərsdən başqa fikri – zikri yoxdur …Müəllimi elə acgözlüklə dinləyir ki …Ehh , nə bilsin axı …dünyada ondan qat – qat vacib məsələlər var …” , – düşündü .
Çevrilib Nübara baxdı . Qız müəllimi dinlədikcə nəsə düşünür , dəftərində qeydlər aparırdı. Sevil isə …əlindəki qələmi o tərəf – bu tərəfə hərləyir , hərdən də əsnəyirdi … 
Dərs cədvəllərində müəyyən dəyişikliklər edildiyindən , qızlar bəzi günlər evə ayrı – ayrılıqda getməli olurdular . Bu , Nübarı məyus etsə də , Sevili qane edirdi ; planlarını həyata keçirmək üçün münasib şərait yaranmışdı . Hardan , nəyi , necə başlamağı isə yaxşı – yaxşı düşünüb – daşınmalı idi …
Beləcə günlər bir – birini əvəz edirdi . 
Nübarın atası artıq palataya keçirilmişdi . Vəziyyəti getdikcə normallaşırdı .Həkim ona asta – asta yeriməyə də icazə vermişdi . Hələ ki , zəif olduğundan çox gəzə bilmir , elə palatanın içində bir qədər gəzişib , yatağına uzanırdı .
Rəfiqə gününün çox hissəsini demək olar ki , onun yanında keçirirdi . Nübar da dərsdən tez çıxdığı günlərdə atasını görməyə tələsirdi .İndi onlar yalnız bir məqsədə xidmət edirdilər ; Rəhim tezliklə sağalmalı , ayağa qalxıb evinə , ailəsinə qayıtmalıdır .
Arzu təklif aldığı iş yerlərini anası ilə götür – qoy edir , uyğun variantlar axtarırdı . Tezliklə münasib iş tapıb , anasına kömək etmək istəyirdi .
Axşam Zəhra evə dönəndə Arzu onu xoş əhal – ruhiyyə ilə qarşiladı . Anasına şad xəbəri deməyə tələsirdi – ona böyük bir şirkətdə iş təklif olunmuşdu . İlkin mərhələdə əməkhaqqı orta olsa da , tədricən artırılacağı vəd olunurdu .
Sevil …Sevil başqa aləmdə idi . Fikrində yalnız dəbdəbəli həyat , fərqli yaşayış , bahalı geyim …və…Zaur …Onun imkanlı ailədən olduğunu Sevil çoxdan hiss etmişdi . Elə bu səbəbdən də , sonrakı həyatını elə o ailədə , elə o Zaurla yaşamaq istəyirdi .
Axşamlar otağına çəkilib tənha qaldıqda fikrində çox şeyləri götür – qoy edir , cürbəcür xəyallar qururdu .Hərdən də Zaura acığı tuturdu …Axı niyə , nədən onun diqqətini özünə cəlb edə bilmirdi ? Bu qədər çirkin idimi ? Bəs…Bəs səbəb nə idi? ” Yox , – düşündü , – konkret addım atmaq lazımdır . Kimsə məndən irəli keçə bilər . Təcili tədbir görmək lazımdır .”
Ertəsi gün Nübargilin qrupunda dərslər az olduğundan , qızlar evə ayrılıqda gedəcəkdilər . Sonuncu dərs bitən kimi Nübar Sevillə sağollaşıb xəstəxanaya yollandı .
Sevil isə dərsin bitməsini səbrsizliklə gözləyir , əlinə düşən fürsəti fövtə vermək istəmirdi .
Zəng vurulan kimi tələbələr dəftər – kitablarını yığıb dəhlizə çıxdılar . 
Zaur da dostları ilə bərabər auditoriyadan çıxdı . Yolu qarşı tərəfə keçdi . Yaxınlıqdakı parka çatanda onlardan ayrılıb yoluna davam etdi . Bu yol ilə getmək onun xoşuna gəlirdi . Parkın səliqə – sahmanı da , yaşıllıqları , çiçəkləri də , quşların cəh – cəhi də ona xüsusi zövq verirdi. Belə anlarda yorğunluğunu da unudurdu . 
Parkın içindəki ensiz cığırla aramla , tələsmədən addımlayırdı ki , …Birdən …ondan bir qədər irəlidə gedən gənc bir qız qəflətən büdrəyib otluğa yıxıldı …

Ardı var .

Gövher Rüstemova
www.kafiye.net